Accessibility links

Canni Bukikkio: Azərbaycanın “Seçki Məcəllə”sinə dəyişikliklər edilməsinə ehtiyac var


"Yeni qəbul olunmasına baxmayaraq Azərbaycanın "Seçki Məcəllə"sinə dəyişikliklər edilməsinə yenə də ehtiyac var. "Seçki Məcəlləsi" daha da təkmilləşdirilməlidir". Bu barədə Avropa Şurası Venesiya Komissiyasının Bakıda səfərdə olan katibi Canni Bukikkio bu yaxınlarda "Seçki Məcəlləsi"nə edilmiş dəyişiklikləri şərh edərkən bildirib.

"Seçki Məcəlləsi"nə Venesiya Komissiyasının tövsiyələrinə əsasən müəyyən dəyişikliklər edilib. Ancaq Venesiya Komissiyasının bütün tövsiyələri nəzərə alınmayıb, bununla belə, bu Məcəllə ilə də demokratik seçkilər keçirmək olar. Çox şey məcəllənin işdə necə tətbiq ediləcəyindən, hakimiyyət və müxalifətin qarşıda duran prezident seçkilərində özlərini necə aparmasından asılı olacaq. Bütün bunları biz oktyabrda seçkilər zamanı öyrənəcəyik. Mərkəzi Seçki Komissiyası və yerli seçki komissiyalarının tərkibi bütün siyasi qüvvələrdə etibar doğurmalıdır".

O Venesiya Komissiyasının tövsiyələrində toplaşmaq azadlığı haqqında qanunun müddəalarının təmin edilməsi zərurətindən də danışıb. "Ümid edirik ki, vətəndaşların bu qanunla zəmanət verilmiş hüquqları tam təmin ediləcək. Biz bütün siyasi qüvvələri və Azərbaycan hakimiyyətini öz qanunvericiliyinə hörmət etməyə çağırırıq", - deyə cənab Bukikkio qeyd edib.

Venesiya Komissiyasının katibi həll edilməmiş problemlər sırasında seçki komissiyalarının formalaşdırılması məsələsini önə çəkib. "İlk öncə, "Seçki Məcəlləsi"nin mətni çox uzun və mürəkkəbdir. Bu mətnin qısaldılmasına və sadələşdirilməsinə ehtiyac var. Əsas problemlərdən biri sözsüz ki, seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə bağlıdır. İndiki tərkib bütün namizədlərə komissiyalarda təmsilçilik hüququ yaratmır. Seçki komissiyalarının hazırkı tərkibi seçicilərdə də tam etibar doğurmur. Komissiyaların müxalifətin fikri nəzərə alınmaqla formalaşdırılması, şübhəsiz, ictimaiyyət tərəfindən onlara etibar dərəcəsini artırardı. Amma təbii ki, "Seçki Məcəlləsi"ndə müsbət məqamlar da var. Buna barmaqlara xüsusi mürəkkəbin vurulması və "exit-poll"ların keçirilməsini misal çəkə bilərəm"-deyə o əlavə edib.

Cənab Bukikkio bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərində də seçki məsələlərini müzakirə edib.

Cənab Bukikkionun siyasi iradə ilə demokratik seçkilərin keçirilməsinin mümkünlüyü barədə bəyanatı isə birmənalı qarşılanmayıb.

Demokratik Seçki Mərkəzinin sədri Anar Məmmədli "Amerikanın səsi" radiosuna bildirib ki, Azərbaycan Venesiya Komissiyasının seçki məcəlləsində dəyişikliklərlə bağlı əsas tövsiyələrini yerinə yetirməyib, həmçinin yerli ictimaiyyətin qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini nəzərə almayıb. Onun fikrincə, hazırkı seçki məcəlləsi demokratik standartlara uyğun seçki keçirməyə imkan vermir.

O eyni zamanda həqiqi siyasi iradə olarsa demokratik seçkilərin keçirilməsini də real sayır.

Müxalifətdə olan "Müsavat" partiyasının başqanı İsa Qəmbər isə hətta sovet qanunlarının mövcud olduğu dövrdə 1990-cı ildə Azərbaycanda hazırkı seçkilərdən daha yaxşı seçki keçirildiyini xatırladıb.

Bununla yanaşı, "Müsavat" başqanı Venesiya komissiyasının katibini siyasi iradə ilə bağlı bəyanatını təəccüblə qarşılayıb. Onun fikrincə, seçkiyə üç ay qalmış cənab Bukikkionun siyasi iradə ilə Azərbaycanda demokratik seçki keçirilməsinin mümkünlüyü barədə bəyanatı yersizdir.

XS
SM
MD
LG