Accessibility links

ABŞ-la Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq bundan sonra da davam edəcək


Azərbaycan-Amerika hərbi məsləhətləşmələri davam edir. Bu gün ABŞ nümayəndə heyətinin rəhbəri, ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə müşaviri Daniel Feyta prezident İlham Əliyev, xarici işlər və müdafiə nazirləri ilə görüşüb. Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb və əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini bildirib. Cənab Feyta isə ABŞ-la Azərbaycan arasında müdafiə sahəsindəki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyini bəyan edib Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığının mövcud durumu, Azərbaycanın gələcək strateji məramları, Azərbaycanda müdafiə sahəsində islahatların mövcud vəziyyəti söhbət mövzusu olub. Cənab Feyta Azərbaycanın enerji təchizatçısı kimi rolunu qiymətləndirib və Dağlıq Qarabağ münaqişəsinin regional təhlükəsizliyə təhdid olduğunu deyib. Nazir Məmmədyarov isə Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığı davam etdirməyə hazır olduğunu, ABŞ-ın regionun sabitliyində daha fəal iştirakının vacibliyini vurğulayıb. Görüşdə həmçinin Azərbaycan-NATO əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda sülhməramlı qüvvələrinin artırılması, enerji təhlükəsizliyində rolu ilə bağlı məsələlərə toxunulub. Müdafiə naziri Səfər Əbiyev bildirib ki, hazırda Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində uğurlu işlər həyata keçirilir. Cənab Feyta Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatları qeyd edib, qlobal terrorizmə qarşı mübarizədə və sülhməramlı əməliyyatlarda iştirakda Azərbaycanla ABŞ-ın strateji tərəfdaş ölkə olduqlarını vurğulayıb.
XS
SM
MD
LG