Accessibility links

Azərbaycan xarici işlər nazirliyi Dağlıq Qarabağda keçiriləcək «seçki»ni pisləyir


Dağlıq Qarabağda "prezident seçkiləri" keçirilməsilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Sənəddə deyilir ki, erməni mətbuatının məlumatına görə iyulun 19-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" keçiriləcək. "Bununla əlaqədar Azərbaycan XİN-i təkrar edir ki, Azərbaycan ərazilərindəki tanınmamış rejim Azərbaycan əhalisinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən yaradılmış qanunsuz qurumdan başqa bir şey deyildir".

Nazirlik hesab edir ki, qondarma "seçkilər" Ermənistanın ilhaq siyasətini gizlətmək məqsədilə keçirilir və Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının möhkəmləndirilməsinə yönəlib. «Bu cür "seçkilərin" keçirilməsi Azərbaycan Konstitusiyasının müddəalarını, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur və hüquqi nəticəyə malik olmayacaq». Bəyanatda bildirilir ki, Azərbaycanın Dağlıq Qarabağ regionundakı istənilən seçki Azərbaycanın yerli əhalisi tam və bərabər şəkildə iştirak edəcəyi və regionda demokratik atmosfer yaradılacağı təqdirdə azad və ədalətli sayıla bilər. Bu cür seçkilərin keçirilməsi işğalçı erməni qoşunları bölgədən çıxarıldıqdan, yaşayış nizamlandıqdan, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında əməkdaşlıq və dialoqun bərpası üçün lazımı şərait yaradıldıqdan sonra mümkündür».

Azərbaycan Respublikası erməni tərəfini nəticəsi olmayan destruktiv əməllərdən əl çəkməyə və münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə həll edilməsi məqsədilə danışıqlar prosesində xoş niyyət və konstruktivlik nümayiş etdirməyə çağırır.

XS
SM
MD
LG