Accessibility links

Azərbaycan, ABŞ və Fransa Dağlıq Qarabağda keçirilən «prezident seçkiləri»ni tanımır


Azərbaycanın Mərkəzi Seçki Komissiyası iyulun 19-da Dağlıq Qarabağda keçirilən 'prezident seçkiləri' ilə bağlı bəyanat yayıb. Sənəddə deylir ki, Ermənistan Azərbaycan ərazilərində Azərbaycan Respublikası vətəndaşlarının əsas insan hüquq və azadlıqlarını pozub 'Dağlıq Qarabağ Respublikası' deyilən qondarma bir qurum yaradaraq, orada dəfələrlə seçki görüntüsü yaratmağa cəhd edib. «Beynəlxalq ictimaiyyətin də eyni mövqedə olduğuna əmin olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə “seçkiləri” qanunsuz hesab edir və tanımır».

AzərTAc dövlət agentilyi isə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin Dağlıq Qarabağda keçiriləen «seçki» ilə bağlı fikirlərini yayıb. «Amerika Birləşmiş Ştatları “Dağlıq Qarabağ Respublikası” adında dövlət tanımır. Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” ABŞ-dan rəsmi olaraq heç bir müşahidəçi izləmir»-deyə xanım Dersi bəynan edib.

Fransa Xarici və Avropa İşləri nazirliyinin sözçüsünün Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri”nə dair açıqlamasında isə deyilir ki, beynəlxalq ictimaiyətin bütün digər təmsilçiləri ilə yanaşı, o da Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. «Bu cür seçkilərin nəticələri – baxmayaraq ki, bu Dağlıq Qarabağa de-fakto nəzarət edən icmaya özünü təşkilə imkan verir – regionun hüquqi statusunu əvvəlcədən təyin edən olduğu üçün tanına bilinməz».

Nazirlik hesab edir ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin sülh yolu ilə və ədalətli həlli üçün baza prinsiplərini təklif etmiş Fransa, ABŞ və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində, və yalnız bütün münaqişə tərəflərinin və icmaların iştirakı ilə müəyyən oluna bilər.

«ABŞ Dövlət Departamenti qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən qanunsuz “prezident” seçkilərinin münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara təsir göstərməcəyinə inanır. Birləşmiş Ştatlar “Dağlıq Qarabağ Respublikası”nı və orada keçirilən qanunsuz “seçkiləri” tanımır. AzərTAc dövlət agentilyinin məlumatında deyilir ki, bu bəyanatla iyulun 19-da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə bürosunun mətbuat katibi Çeyz Bimer çıxış etdib. Ç.Bimer bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə yanaşı, ABŞ Ermənistan və Azərbaycan hökumətləri ilə birgə işləyərək münaqişənin qarşılıqlı qəbul olunan həllinin tapılmasına səy göstərəcəkdir. “Ümid edirik ki, Ermənistan və Azərbaycan prezidentləri Əsas Prinsiplər üzrə razılığa mümkün qədər tez gələrək, ətraflı sülh razılaşmasının tərtibatına qapı açacaqlar”.

XS
SM
MD
LG