Accessibility links

Türkiyə-Ermənistanın münasibətlərinə Bakıdan baxış 


Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "Ikitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanılması barədə razılıq əldə edib. Bu barədə Türkiyənin Xarici Işlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır. ”Bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşdırılması üçün zəmin yaradır”,- deyə Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib.
Türkiyə tərəfi hesab edir ki, ikitərəfli münasibətlərin normallaşdırılması regionda sülhün təmin edilməsinə yardım edəcək. “Türkiyə və Ermənistan İsveçrənin dəstəyi ilə birgə səylərin göstərilməsinə kökləniblər", - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1992-ci ildən bağlıdır.
Türkiyə xarici İşlər naziri Əhməd Davudoğlu bildirib ki, həm Qafqaz, həm də Yaxın Şərq regionunda sülh nümunəsi olan Türkiyə öz qonşuları ilə sərhəd problemi yaşaya bilməz. "Qafqazda sülhün əldə olunmasında iştirak Türkiyənin şəxsi təşəbbüsüdür, xarici təzyiqlərin nəticəsi deyil”.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarının işğalından qazanması ilə bağlı səsləndirilən fikirlər də səhvdir. "Çoxları düşünür ki, Ermənistan Azərbaycanın torpaqlarının işğalı ilə nə isə qazanıb, lakin bu belə deyil. Ermənistan günbəgün yoxsullaşır, erməni xalqı ölkəni tərk edir. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətcə yoxsullaşmaqda davam edəcək. Buna görə də Qafqazda yaranan vəziyyət nə Türkiyə, nə Ermənistan, nə də Azərbaycana sərfəlidir", - deyə o bildirib.
Rəsmi Vaşinqton, rəsmi Paris və Avropa Şurası Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərə dair razılaşmanı alqışlayır
ABŞ Dövlət Departamentinin mətbuat katibi Yan Kelli bildirib ki, Vaşinqton həmişə Türkiyə-Ermənistan münasibətlərinin şərtsiz və müəyyən zaman çərçivəsində normallaşmasının tərəfdarı olub.
Fransa Prezident Administrasiyasının mətbuat xidməti də Türkiyə və Ermənistanı təbrik edib. Fransa prezidenti Nikola Sarkozi iki ölkə arasında əlaqələrin normallaşmasının bölgədəki sabitliyə yardım edən tarixi bir hadisə olacağını vurğulayıb.
Avropa Şurası Baş Katibinin səlahiyyətlərinin icraçısı Mod de Bur-Bukikkionun bəyanatında deyilir ki, Avropa Şurası iki üzv dövləti arasında münasibətləri normallaşdırmağa kömək edəcək. “Eyni zamanda, hər iki ölkəni Avropanın bu hissəsində sabitliyi inkişaf etdirməyə kömək edəcək səylərini davam etdirməyə həvəsləndirirəm”, deyə xanım Bur-Bukikkio qeyd edib.
Qeyd edək ki, ötən həftənin sonlarında Türkiyə baş naziri ilə Azərbaycan prezidenti arasında telefon əlaqəsi olub. Bundan sonra Türkiyə Xarici İşlər nazirliyinin iki yüksək vəzifəli nümayəndəsi Bakıda səfərdə olub. Onlar baş nazir Erdoğanın tapşırığı ilə Azərbaycan dövlət başçısı İlham Əliyevə Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq planları barədə məlumat verib.
Azərbaycanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması sahəsində əldə edilmiş razılıq bu ilin aprelindəki kimi hirsli qarşılanmayıb. Rəsmi Bakı, müxalifət və müstəqil politoloqlar dolayısı ilə olsa da, iki dövlət arasında münasibətlərin normallaşmasını istəyir.
Belə ki, rəsmi Bakının Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına münasibəti Türkiyə Baş nazirin Azərbaycan parlamentində “münaqişə başa çatmayınca sərhədlər açılmayacaq” bəyanatının təkrarından ibarətdir. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, Azərbaycanın münasibəti Türkiyə tərəfinin bəyanatına əsaslanır.
Müstəqil politoloqlar isə Türkiyənin Azərbaycanı baş verənlərlə bağlı məlumatlandırdığı şəraitdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdardır. Politoloq Rasim Musabəyov hesab edir ki, Türkiyə Ermənistanla danışıqlarda Azərbaycanın marağını nəzərə almalıdır.
Politoloqun fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi daha çox Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan-Ermənistan danışıqlarının yekunlarından asılı olacaq.
Müxalifətdə olan siyasi partiyalar da Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı aparılan danışıqlara mənfi münasibət bildirməyib. “Müsavat” partiyasının bağanı İsa Qəmbər iki ölkə arasında danışıqların son aylarda ikinci dəfə aktuallaşdığını deyib. Onun fikrincə, bu, bir prosesdir və tezliklə nəticələr gözləmək mümkün deyil.
Müsavat lideri hesab edir ki, danışıqlar prosesini çətinləşdirən ən ciddi amil Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsidir.

XS
SM
MD
LG