Accessibility links

Əli Həsənov: Xarici radiolar FM tezliyində yayımlanmayacaq


Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Amerikanın səsi” radiosuna müsahibəsində medianın durumu, jurnalistlər və blogerlərin həbsdən azad edilməsi ilə bağlı müraciətlər, xarici radiolara FM tezliyinin verilməyəcəyi, “Diffamasiya haqqında” qanunun qəbulunun gündəlikdə durmaması və reklam bazarı barədə danışıb.

Sual: Azərbaycanda medianın hazırkı durumunu necə qiymətləndirirsiniz? Hökumət media sahəsində hansı islahatları həyata keçirmək istəyir?
Cavab: Ötən il Azərbaycan mətbuatının inkişafı haqqında dövlət konsepsiyası qəbul edildi. Sənəddə müstəqil medianın inkişafı üzrə bir sıra istiqamətlər irəli sürülüb. Konsepsiyaya uyğun olaraq Mətbuatın İnkişafına Dövlət dəstəyi fondu yaradıldı. Fond isə bu il tenderlər keçirdi və medianın inkişafı ilə bağlı müxtəlif istiqamətlər üzrə qrantlar ayırdı. Bu başlanğıcdır. Düşünürük ki, bu il ərzində və bundan sonrakı illərdə mətbuat fondunun, onun müşahidə şurasının konsepsiyanın inkişafı istiqamətində atacağı addımlar müstəqil medianın inkişafına, əhatə dairəsinin genişlənməsinə, siyasi plüralizmin dərinləşməsinə və medianın maddi-texniki bazasının daha da güclənməsinə xidmət edəcək. Azərbaycan dövlətinin bu gün media ilə bağlı siyasətinin mahiyyəti budur. Müstəqil media inkişaf etməlidir, getdikcə müstəqilləşməlidir, heç kimdən asılı olmamalıdır, ölkə daxilində və beynəlxalq aləmdə baş verən hadisələri tərəfsiz olaraq ictimaiyyətə çatdırmalıdır. Hazırda Azərbaycan mediasının vəziyyətini sabit və inkişafda olan kimi qiymətləndirirəm.
Sual: “Diffamasiya haqqında” qanunun qəbulu ilə bağlı Azərbaycan hökumətinə çoxsaylı beynəlxalq təşkilatlar müraciət edib. Hökumət böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması istiqamətində hansı tədbirləri görür?
Cavab: Son illərdə Azərbaycanda böhtana görə həbsə alınan jurnalistlərin sayı getdikcə azalır. Əksər hallarda isə, bu maddə ilə həbsə alınan jurnalistlər ölkə başçısı tərəfindən əfv olunub. Düşünürük ki, bu sahədə jurnalist peşəkarlığı artdıqca, peşəkar jurnalistlər mediada insanlarla münasibətin məsuliyyətini, insanların şərəf və ləyaqətinin, şəxsi həyatının toxunulmazlığı və onların işgüzar nüfuzunun qorunması ilə bağlı konstitusiya hüququnun reallaşması məsuliyyətini öz üzərinə götürdükcə biz “Diffamasiya haqqında” qanuna yaxınlaşacağıq. Hazırda isə “Diffamasiya haqqında” qanunun qəbulu gündəlikdə deyil. Lakin diffamasiya istiqamətində media ictimaiyyətinin, dövlət qurumlarının və dövlət qurumlarının mətbuat xidmətlərinin müzakirələr aparması gündəlikdə duran məsələdir. Hesab edirik ki, yaxın gələcəkdə Azərbaycanda da Avropa dövlətləri kimi jurnalistlərin peşəkarlığı artdıqca, hökumət vətəndaşlarla jurnalistlər arasına münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlarını daha da sürətləndirəcək. Mövcud vəziyyətdə jurnalistlər hələ də “Diffamasiya haqqında” qanunun qəbul edilməsinə hazır olmadıqlarını nümayiş etdirir. Mətbuat Şurasının gücləndirilməsi, Mətbuat Şurası vasitəsi ilə “Jurnalistlərin Əxlaq Kodeksi”nin əsas sənəd kimi gündəliyə gətirilməsi və gələcəkdə jurnalistlərin əxlaq kodeksinə əməl etməsi bizi bu addımları atmağa həvəsləndirə bilər.
Sual: Hazırda 3 jurnalist və 2 bloger həbsdədir. Onların həbsdən azad edilməsi xahişi ilə çoxsaylı beynəlxalq, təşkilatlar, jurnalist birlikləri, hətta hökumətlər Azərbaycan dövlət başçısına müraciətlər edib. Jurnalistlərin və blogerlərin həbsdən azad edilməsi gündəlikdədirmi?
Cavab: Bununla bağlı, mən bir söz deyə bilmərəm. Bilirsiniz ki, Azərbaycanda məhkəmə vasitəsi ilə həbsə alınmış insanların, o cümlədən jurnalistlərin əfvi Əfv Komissiyasının təklifi ilə ölkə başçısı tərəfindən qəbul edilmiş qərarlarla həyata keçirilir. Bu tipli müraciətləri ümumiləşdirib Əfv Komissiyasına təqdim etmişik. Gələcəkdə Əfv Komissiyasının bu məsələyə baxıb-baxmayacağı mənim malik olduğum informasiya sırasında yoxdur.
Sual: Reklam bazarının formalaşdırılması sahəsində vəziyyət necədir? Azərbaycan hökuməti azad reklam bazarının formalaşdırılması ilə bağlı hansı tədbirləri həyata keçirmək fikrindədir?
Cavab: Reklam bazarının bugünkü vəziyyəti bizi qane etmir. Azərbaycan tipli inkişaf etmiş ölkələrdə reklam bazarı daha geniş olmalıdır. Xüsusilə media, cəmiyyətin həyatında mühüm rol oynayan gündəlik qəzetlər, elektron KİV-lər üçün kommersiya strukturlarının ayırdığı reklamın həcmi daha da artmalıdır.
Hökumət bu istiqamətdə müəyyən işləri davam etdirir. Bu gün Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, media təşkilatlarının və media ictimaiyyətinin diqqətində olan bu məsələ, dövlətin də diqqətindədir. Bu istiqamətdə müəyyən işlərin görülməsi üçün hökumət təkliflər gözləyir. Artıq, ayrı-ayrı strukturlara müraciət etmişik ki, reklam bazarının gücləndirilməsi, medianın reklamdan gözlədiklərinin reallaşdırılması, medianın maddi-texniki bazasının gücləndirilməsində reklam bazarının real faktor kimi iştirakı ilə bağlı təkliflər versinlər. Bu məsələ gündəlikdədir və müəyyən işlərin həyata keçirilməsi planlaşdırılır.
Sual: Xarici radioların yerli FM tezliyində yayımının bərpa edilməsi təkliflərinin həyata keçirilməsi ilə bağlı vəziyyət necədir? Amerika hökuməti bununla bağlı Azərbaycan hökumətinə saziş layihəsi təqdim edib və dəfələrlə cavab gözlədiyini bildirib. Bununla bağlı nə deyə bilərsiniz?
Cavab: Daxil olan təkliflər müxtəlif qurumlar, o cümlədən Milli Teleradio Şurası tərəfindən dəyərləndirilib. Daxil olan cavablar göstərir ki, xarici radioların Azərbaycan milli radioları üçün nəzərdə tutulmuş FM tezliyində gələcəkdə yayımı mümkün olmayacaq. Azərbaycan hökuməti, o cümlədən Milli Teleradio Şurası xarici radioların digər vasitələrlə yayımı üçün istənilən şəraiti yaratmağa hazırdır. Lakin mövcud qanunvericiliyə uyğun olaraq xarici radioların FM tezliyində yayımının bərpa olunması və onlar üçün məxsusi FM tezliyinin verilməsi bu gün üçün qeyri-mümkün hesab olunur.

XS
SM
MD
LG