Accessibility links

Terrorçu dəstə zərərsizləşdirilib 


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşlarından ibarət radikal dini təmayüllü bir qrup şəxsi müəyyən edib və zərərsizləşdirib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev "Amerikanın səsi" radiosuna bildirib ki, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan qrup qanunsuz silahlı birləşmə yaradaraq Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindirilməsinə yönəlmiş qanunsuz hərəkətlər törətməyi planlaşdırıb.
Nazirliyin məlumatında deyilir ki, qrupun rəhbəri «Abdulla» ləqəbli Azər Misirxanov vaxtilə müxtəlif münaqişə zonalarında qanunsuz silahlı birləşmələrin tərkibində xüsusi təlimlərdə və döyüş əməliyyatlarında iştirak edib. O bir müddət həbsdə qaldıqdan sonra azadlığa çıxıb və bundan sonra rəhbərliyi altında çoxsaylı insan qrup halında cinayətkar fəaliyyət göstərib. "Müəyyən edilib ki, qanunsuz silahlı birləşmənin üzvləri Bakı şəhərindəki «Əbu Bəkr» məscidində 2008-ci il avqustun 17-də terrorçuluq törədilməsində təqsirləndirilən şəxs qismində barəsində axtarış elan edilmiş «Meşə qardaşları» adlı silahlı birləşmənin rəhbərlərindən «Süleyman» ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil edib. Qrup həmçinin ötən il keçirilən prezident seçkiləri ərəfəsində sabitliyi pozmağı, əhali arasında vahimə yaratmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən «Bakı-Novorossiysk» neft boru kəmərini partlatmağı planlaşdırıb".

Sadəcə olaraq qrup üzvləri Bakıya içməli suyun nəql edilməsi üçün böyük həcmli ehtiyat boru kəmərlərini Bakı-Novorosiysk neft kəməri ilə səhv salıb və su kəmərini partladıb.

İstintaq zamanı müəyyən edilib ki, qanunsuz dəstə 2008-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın şimal sərhədlərindən qaçaqmalçılıq yolu ilə çoxlu sayda silah-sursat və hərbi ləvazimat keçirib.

Beləliklə, 2009-cu il yanvarın 14-də xüsusi plan əsasında keçirilmiş antiterror tədbirləri nəticəsində silahlı birləşmənin üzvləri yaxalanıb. "Btövlükdə silahlı birləşməyə məxsus "kamikadze" kəmərləri, partlayıcı maddələr, trotil şaşkası, müxtəlif tipli əl qumbaraları, əl qumbaraatanları və onun mərmiləri, çoxlu sayda müxtəlif tipli avtomatlar, tapançalar, səs boğucuları, güllə daraqları, elektrodetonatorlar, partlayıcını kənardan elektron idarə etmə qurğuları, radistansiyalar, siqnal fişəngləri, çoxlu miqdarda patronlar, digər döyüş sursatları və hərbi ləvazimatlar götürülüb".

Göstərilən faktlar üzrə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama, quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddələri ilə cinayət işi istintaq olunur.

"Təhlükəsizlik" Araşdırmalar mərkəzinin rəhbəri, istefada olan təhlükəsizlik polkovnik-leytenantı İlham İsmayıl "Amerikanın səsi" radiosuna bildirib ki, bütün dini terrorist təşkilatlar inanca deyil, siyasətə bağlıdır. Azərbaycanda fəaliyyət göstərən bu tipli təşkilatlar da müxtəlif maraqlı dövlətlərin təsiri altındadır.

Ekspert Azərbaycanda terror hərəkətlərinə baş vuran qrupların Çeçen terrorçu dəstələri ilə əlaqəli olduğunu güman edir. Onun fikrincə, adətən Çeçen silahlı dəstələrinə bağlı olan dini qruplar hədəf kimi Rusiyanı və onunla bağlı olan obyektləri seçir.

Cənab İsmayıl həmçinin belə radikal dini qruplardan böyük iqtisadi maraqları olan güclərin istifadə etməsini də istisna etmir.


XS
SM
MD
LG