Accessibility links

ATƏT-in sədri: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə müsbət hərəkət mövcuddur


Yunanıstanın Xarici İşlər Naziri, 2009-cu ildə ATƏT-in Fəaliyyətdə olan Sədri Dora Bakoyannisin sabah Azərbaycana ikigünlük səfəri başlayır. Xanım Bakoyannis səfər öncəsi Azərbaycan mediasında maraqlı məqalə ilə çıxış edib.
ATƏT-in Fəaliyyətdə olan Sədri kimi Azərbaycana səfərim üzv olduğumuz təşkilat üçün narahatlıq doğuran problemlərin və eyni zamanda böyük imkanların olduğu bir dönəmdə baş tutur. Ötən həftənin sonu Yunanıstanın Korfu adasında Avropa təhlükəsizliyinin bu günü və gələcəyi müzakirə olunub. Nazirlər səviyyəsində keçirilmiş bu qeri-rəsmi görüşdə Azərbaycanı Xarici İşlər Nazirinin müavini Araz Əzimov təmsil edib.
Bu qeyri-rəsmi görüş ümumi qayğılarımızla bağlı dialoqu daha da dərinləşdirmək, eləcə də XXI-ci əsr Avropasının təhlükəsizlik problemlərinə effektiv cavabları hazırlamaq üçün vacib bir imkan idi. Biz bu amilə əsaslanaraq, səylərimizi davam etdirməliyik.
Sizin də agah olduğunuz uzun müddətdir davam edən münaqişələr hələ də regiona öz kölgəsini salmaqdadır. Amma bu sahədə də biz irəliləyiş müşahidə edirik. Korfu görüşündən əvvəl, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə Parisdə görüş keçiriblər. Bu görüşdən əvvəl isə Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarqsyan təkcə bu son il ərzində beş görüş keçiriblər.
Danışıqlar prosesi zamanı müşahidə olunan son irəliləyişlər və tərəflər arasında baş tutan konstruktiv müzakirələr məni ümidləndirir. Müzakirələrdə müsbət hərəkət mövcuddur. Bu da gələcək danışıqlar üçün çox əhəmiyyətlidir. Mən Minsk Qrupu Həmsədrlərinin vasitəçilik səylərini və qarşılıqlı etimadın yaradılması istiqamətində Şəxsi Nümayəndəm Səfir Anjey Kasprşikin həyata keçirdiyi işi tam dəstəkləyirəm. Lakin münaqişə zonasında baş verən insidentlər narahatlıq doğurur və mən hər iki tərəfi atəşkəs sazişini tam yerinə yetirməyə və Həmsədrlərin təklif etdiyi kimi, snayperləri təmas xəttindən geri çəkməyə çağırıram.
Mən həmçinin Azərbaycanın ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi ilə dialoqunu və ATƏT-də daxil olmaqla, beynəlxalq ictimaiyyətlə dialoq qurmaq niyyətini müsbət qarşılayıram. Mən ümid edirəm ki, media üçün hüquqi mühitin yaxşılaşdırılması və QHT-lər haqqında qanunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində Azərbaycan və ATƏT bundan sonra da birgə işləyə biləcək.
Açıq dialoq, sağlam vətəndaş cəmiyyəti və azad mətbuat demokratik proseslər üçün çox önəmlidir və bunlar ATƏT-ə üzv dövlətlərin imzaladığı əsas öhdəlikləri təmsil edir. ATƏT və cəmiyyət dəstəkli polis layihəsindən tutmuş, seçki qanunvericiliyinə kimi Azərbaycanla müxtəlif sahələrdə əla əməkdaşlıq edən ATƏT-in Bakı Ofisi demokratik islahatları davam etdirmək üçün Azərbaycana kömək etməyə hazırdır. ATƏT həmçinin ötən ilki prezident seçkilərində göstərilmiş irəliləyişə əsaslanaraq, bu ilin dekabrında keçiriləcək bələdiyyə və gələn il baş tutacaq parlament seçkilərində də Azərbaycana kömək etməyə hazırdır.
Azərbaycan Cənubi Qafqazda və ATƏT-in bütün ərazisində təhlükəsizlik və stabilliyin təşviqində önəmli rol oynayır. Korfudakı müzakirələrimizdən aydın olduğu kimi, “Bütöv, azad və sabit Avropa”nın qurulması istiqamətində irəliləyiş əldə etdik. Lakin, görəcəyimiz işlər hələ çoxdur və yeni təhlükəsizlik problemləri bölünməz təhlükəsizliyə sadiqliyimizi sınaqdan keçirəcək. Korfuda başladığımız məhsuldar dialoqu Azərbaycana səfərim zamanı davam etdirəcəyimi səbirsizliklə gözləyirəm.

XS
SM
MD
LG