Accessibility links

Azərbaycan təhsil islahatlarının ikinci mərhələsinə başlayıb


Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankı arasında Təhsil sistemində islahatların inkişafı ilə bağlı ikinci layihə üzrə kredit sazişi imzalanıb. Layihənin ümumi dəyəri 45,4 mln. dollardır. Vəsaitin 25 mln. dolları Dünya Bankı, 20,4 mln. dolları isə Azərbaycan hökuməti tərəfindən ödəniləcək. Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak bildirib ki, son dövrlər Azərbaycanda təhsil sistemində aparılan islahatlar dünya bankının monitorinqləri nəticəsində müsbət qiymətləndirilib. İslahat proqramının ikinci mərhələsi ilə bağlı layihə də Azərbaycan qarşısında böyük amdisiyalı məqsədlər qoyub. “Azərbaycanda təhsil son 15 ildə böyük dəyişikliklərə məruz qalıb. İslahat proqramının ikinci mərhələsinin həyata keçirilməsi nəticəsində isə Azərbaycanda təhsil sistemi qabaqcıl Avropa təhsil sisteminə tam uyğunlaşdırılacaq”.

Təhsil naziri Misir Mərdanov bildirib ki, islahat proqramının ikinci mərhələsi 10 il davam edəcək. Yeni layihə çərçivəsində ümumi təhsil üzrə kurrikulumun icrası, pedoqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi, təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin nəticələrindən istifadə, məktəbə hazırlığın inkişaf etdirilməsi, təhsil siyasətinin hazırlanması və idarə olunma imkanlarının gücləndirilməsi məsələləri müasir beynəlxalq standartlara uyğunlaşdırlacaq.

Nazir həmçinin deyib ki, gələn ilin dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsinə 1 mlrd 300 milyon manat ayrılması nəzərdə tutulur. Bununla yanaşı, təhsillə bağlı investisiya proqramları da həyata keçiriləcək. Nazir beynəlxalq qurumların, o cümlədən Dünya Bankının Azərbaycanda təhsil islahatlarına diqqətinin artdığını deyib.

Cənab Mərdanov eyni zamanda Azərbaycanda çioxsaylı məktəblərin tikilməsinə və yenidən qurulmasına baxmayaraq, ölkədə 1200 məktəbin əsaslı təmirə və 600 məktəbin yanında əlavə korpusların tikintisinə ehtiyac duyulduğunu bildirib.

XS
SM
MD
LG