Accessibility links

Azərbaycan konstitusiya məhkəməsi konstitusiyaya dəyişikliyi müsbət qarşılayıb  


Konstitusiya Məhkəməsi konstitusiyaya parlamentin təklif etdiyi əlavə və dəyişikliklərin referenduma çıxarılması barədə qərara qəbul edib.
Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayev bildirib ki, iqtisadi və siyasi islahatların sürətli inkişafı konstitusiyanın təkmilləşdirilməsi məsələsini gündəliyə çıxarıb. Hakim Eldar Məmmədovun fikrincə isə təklif edilən dəyişikliklər insan hüquqları və dövlət hakimiyyətinin təmin edilməsinin gücləndirilməsini nəzərdə tutur.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov Konstitusiyaya dəyişikliklərin vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlməsi barədə iddiaları qəbul etmir.
Yeri gəlmişkən bildirim ki, referenduma eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin ləğvi haqqında məsələ çıxarılacaq.
Təklif edilən dəyişikliklər həm də hərbi əməliyyatlar zamanı prezident və parlament seçkilərinin təxirə salınmasını; 40 min və daha çox imza topladıqda vətəndaşlara qanunvericilik təşəbbüsü hüququnun verilməsini; şəxsin iradəsinə zidd olaraq video, fotoçəkilişlər, audioyazılar aparılmasının qadağan edilməsini; bələdiyyələrin parlament qarşısında hesabatlılığının tətbiqini; sabiq prezidentlərin maddi vəziyyətinin təmin edilməsini nəzərdə tutur.
Konstitusiya təklif edilən dəyişikliklər müxalifət tərəfindən etirazla qarşılanıb. Müxalifətdə olan siyasi partiyalar bu təkliflərin əsasən prezident İlham Əliyevin ömürlük dövlət başçısı kimi qalmasına, söz və mətbuat azadlığının məhdudlaşdırmasına yönəldildiyini düşünür. Müxalifətdə olan Müsavat və Xalq Cəbhəsi partiyasının bir qrup fəalı isə etirazını bu gün Konstitusiya Məhkəməsi qarşısında piket keçirməklə bildirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən alınıb. Bununla yanaşı etirazçılar sözlərini deməyə macal da tapıb. Etiraz edənlərdən birini dinləyək.
Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Yaşar Əliyev bildirib ki, bir neçə nəfər Konstitusiya məhkəməsinin qarşısından uzaqlaşdırılıb.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə müxalifətin etirazını təbii qarşılayır. Onun fikrincə, hər bir şəxsin fikrini ifadə etmə azadlığı var və müxalifətin etirazı normal qarşılanır.
Onun fikrincə, referendum aktı haqqında parlamentin müraciəti qanuna tam uyğundur.

XS
SM
MD
LG