Accessibility links

Elmar Hüseynovun qətlindən dörd il keçir


“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 4 il keçir. Çoxsaylı jurnalistlər, jurnalist təşkilatları, media rəhbərləri, siyasi partiya liderləri, diplomatik korpusların və ictimaiyyətin nümayəndələri jurnalistin qəbrini ziyarət edib. Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. 4 il keçməsinə baxmayaraq qətllə bağlı heç kim həbs edilməyib. Jurnalistin atası Sabir Hüseynov “Amerikanın səsi” radiosuna bildirib ki,istintaq oğlunun qatillərinin həbs edilməsi istiqamətində tədbir görmür. O dörd ildə cəmi bircə dəfə istintaq orqanının ailə üzvlərinəməlumat verdiyini bildirib. İstintaqın məlumatı isə atanı qəti qane etməyib.

“Müsavat” partiyasının başqanı İsa Qəmbər jurnalistin qatillərinin hazırkı iqtidar hakimiyyətdən getdikdən sonra tapılacağını deyib. Onun fikrincə, Elmar Hüseynovun qatilləri və qətlin sifarişçiləri mütləq cəzasına çatacaq.

Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, hökumət qətlin üstünü aça bilmədiyini etiraf etməlidir. O həmçinin ictimaiyyətin hökumətdən izahat tələb etməsini vacib sayır. “Xalq Cəbhəsi” partiyasının sədri Əli Kərimli Elmar Hüseynovun qətlinin kimə sərf etdiyinin artıq bəlli olduğunu eyhamla vurğulayıb. Onun fikrincə, jurnalistin qətli medianı senzuraya məcbur edənlərə sərf etdiyi aydınlaşıb. Amerika səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson jurnalistin qətlini Azərbaycan üçün böyük faciə adlandırıb. Öz növbəsində, Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev bildirib ki, qətli törədənlər Tahir Xubanov və Teymuraz Əliyevdir. “Onlar barəsində beynəlxalq axtarış elan olunub. Bu şəxslərin Azərbaycana təhvil verilməsi məqsədi ilə Gürcüstan Baş Prokurorluğuna müraciətlər edilib, lakin Gürcüstan tərəfi vətəndaşları olmasını əsas gətirərək, onların verilməsindən imtina edib". Cənab Babayevin sözlərinə görə, İnterpol vasitəsilə də dünyanın 180-dən artıq ölkəsində qırmızı xətlə Tahir Xubanov və Teymuraz Əliyev barəsində beynəlxalq axtarış aparılır. Vəkil İsaxan Aşurovun fikrincə, qatilin verilməsi üçün tələb edən dövlət cinayətlə bağlı inandırıcı faktlar təqdim etməlidir. Çünki heç bir ölkə inanmadan vətəndaşını başqa ölkənin istintaq orqanına təhvil verməz.
XS
SM
MD
LG