Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri bəyanatla çıxış edib  


Ermənistan xarici işlər nazirliyi Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qpunun ABŞ-dan olan həmsədri Metyu Brayzənin açıqladığı prinsiplərlə bağlı bəyanatla çıxış edib. XİN ATƏT-in MQ həmsədrlərinin iyunun 22-də Daimi Şurada verdikləri bəyanatı və bunun ardınca ABŞ-dan olan həmsədr Metyu Brayzın müsahibəsini nəzərə alaraq aşağıdakıları bildirir:«Həmsədrlər Qarabağ məsələsinin tənzimlənmasi üzrə prinsiplərin müəyyən hissəsini açıb. Qarabağ və Ermənistanı birləşdirən dəhliz və referenduma qədər Qarabağın müvəqqəti statusu məsələsi çərçivədən kənarda qalıb. Həmsədrlər ilk dəfə qeyd ediblər ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağda yaşayan insanlar referendum yolu ilə həll edə bilər. Danışıqlarda üzə çıxan razılaşdırılmamış məqamların referenduma dəxli yoxdur, bu məsələ prezidenlər arasında razılaşdırılıb. Razılaşdırılmamış məqamlar hərbi münaqişənin nəticələrinin ləğvinin ardıcıllığı ilə bağlıdır. Rambuyedəki nəticəsizlikdən sonra Ermənistan Buxarestdə indiki təkliflərə razılıq verib. Öz növəbsində Azərabycan bu təklifləri rədd edib.- Ermənistan hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdikləri prinsiplər danışıqların davam etdirilməsi üçün ciddi əsas ola bilər və biz bu əsasda Azərbaycanla danışıqları davam etdirməyə hazırıq, Azərbaycanın bu elementlərə dəyişkən münasibəti danışıqlarda irəliləyişə nail olmaq yolunda ciddi maneədir. Belə siyasət davam etdiyi halda Ermənistan Azərbaycanla Qarabağ arasında birbaşa danışıqlar aparılmasında təkid edəcək. Nəhayət, Azərbaycana xatırlatmaq istəyirik ki, hərbi büdcəsinin həcmindən asılı olmayaraq Dağlıq Qarabağın müstəqillik və müqəddəratını təyinetmə hüququndan məhrum edə bilməz " - deyə Ermənistan XİN-in bəyanatında qeyd edilir. Öz növbəsində Azərbaycan xarici işlər nazirliyi də cavab bəyanatı ilə çıxış edib. Sənəddə deyilir: «Ermənistan XİN-nin 26 iyun 2006-cı il tarixli bəyanatı Ermənistan tərəfinin münaqişənin nizama salınması prosesində, təəssüf ki, qeyri-konstruktiv mövqeyində qalmasının daha bir sübutudur. ATƏT-in Minsk Qrupu həmsədrləri, xüsusi ilə də, ABŞ-dan olan həmsədr Metyu Brayza hazırda müzakirə olunan sülh yolu ilə mərhələli nizama salınmanın təklif olunan sənədin ümumi kontekstinin ayrılmaz hissəsi olan ayrı-ayrı prinsiplərinin yalnız ümumi təsvirlərini göstərmişlər. Bu anlayışların başa düşülməməsi və ya qarışıq salınması üçün, habelə Ermənistan XİN-nin bəyanatında əksini tapan spekulyasiya cəhdlərinə zəmin yaradır. Bununla əlaqədar, Ermənistan Respublikasının işğalçı qoşunlarının bütün zəbt olunmuş ərazilərdən çıxarılması məsələsi münaqişənin nizama salınmasında həlledici komponentlərdən biri olaraq Azərbaycan Respublikasının mövqeyini əks etdirir. Bu kontekstdə Dağlıq Qarabağ regionu əhalisinin Ermənistanla bir tərəfdən, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında isə digər tərəfdən gediş-gəlişin yaradılması barədə danışmağa imkan verəcək “dəhliz” mövzusuna daha geniş məna kəsb edən regionda rabitənin bərpa edilməsi problemi çərçivəsində müraciət olunur. Statusun müəyyən olunması davam edən işğal və etnik təmizləmə şəraitində mümkün deyil və bu səbəbdən, müvafiq beynəlxalq təhlükəsizlik təminatları altında məcburi köçürülmüş Azərbaycan əhalisinin öz daimi yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq üçün Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasını və bütün münaqişə zonasının demilitarizasiyası tələb olunur. Bunu Ermənistan rəhbərliyi də etiraf edir. Azərbaycan tərəfi Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilməsinə hazır olduğu barədə mövqeyini bir daha təsdiq edir. Daimi nizamlanmaya nail olmaq üçün belə bir konstitusiyaya uyğun yanaşma mümkün olan yeganə yoldur. İcmalararası sülh və harmoniyanın və regionun statusunun müəyyən edilməsi məqsədi ilə obyektiv şəraitin bərqərar edilməsi üçün, habelə regionun gələcək inkişafı perspektivini nəzərə alaraq, Azərbaycan dünya praktikasında mövcud olan presedentlərə müvafiq şəkildə Dağlıq Qarabağ əhalisinin münaqişə dövrünün əvvəlində olan etnik tərkibinin bərpa edilməsindən sonra, əhali üçün regionda iqtisadi və digər stimullar kompleksi məsələsinə baxmağa hazır olacaqdır. Danışıqlar çərçivəsində Azərbaycanın mövqeyi konstruktiv olaraq qalmaqdadır və nəinki bizim çoxmillətli dövlətimizin, bütövlükdə beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir. İşğal edilmiş ərazilərimizi girov və alver elementinə çevirmək taktikasından istifadə etməklə bu mövqenin şantaj və hədələrlə dəyişdirilməsinə yönəldilmiş bütün cəhdlər uğursuzluğa məhkumdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Eyni zamanda Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin regionda daimi və ədalətli sülhə nail olmaq üçün sülh danışıqlarının davam etdirilməsinə sadiqliyini təsdiq edir. Danışıqlar prosesinin pozulacağı təqdirdə bütün məsuliyyət və bunun nəticələri Ermənistan tərəfinin üzərinə düşür».
XS
SM
MD
LG