Accessibility links

«Gündəlik Azərbaycan» qəzetinin redaktoru ittihamları rədd edir    


Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə böhtan ittihamı azadlıqdan məhrum edilmiş "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Eynulla Fətullayevə qarşı ikinci məhkəmə prosesi başlayıb. Belə ki, cənab Fətullayev bu il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 il yarım müddətinə həbs olunub. Jurnalist 2 il əvvəl qələmə aldığı «Qarabağ gündəliyi» adlı silsilə yazılarında Xocalı soyqımınının qurbanlarını təhqir etməkdə günahlandırılıb. Mayın16-da isə Milli Təhlükəsizlik nazirliyi baş redaktora qarşı «Əliyevlər müharibəyə gedir» yazısı ilə bağlı Cinayət Məcəlləsinin terrorla hədələmə, qulluq mövqeyindən sui istifadə etməklə milli düşmənçiliyin salınması və külli miqdarda vergi ödəməsindən yayınma maddələri ilə ittiham irəli sürüb. Məhkəmə prosesində Eynulla Fətullayev xarici işlər naziri Elmar Məmmədyarovun şikayəti əsasında ona qarşı ittiham irəli sürüldüyünü deyib. Onun sözlərinə görə, nazir «Əliyevlər müharibəyə gedir» məqaləsinin xarici səfirliklər və vətəndaşlar arasında qorxu yaratdığı barədə şikayət verib. Bu səbəbdən baş redaktor Elmar Məmmədyarovun şahid qismində məhkəməyə dəvət edilməsi üçün vəsatətlə çıxış edib. «Xarici İşlər nazirinin sözçüçü nazirin belə şikayətlə müracəit etmədiyini bildirib. Ancaq istintaq materiallarında Elmar Məmmədyarovun imzaladığı şikayət ərizəsi var. Nazir məhkəmədə ərizə yazıb yazmadığını təsdiq etməlidir. Ərizə yazmayıbsa işə xitam verilməlidir». Hakim Mehdi Əsədov işdə Məmmədyarovun məktubunun olduğunu təsdiqləyib. Beləliklə, məhkəmə vəsatəti təmin etməkdən imtina edib və nazirin dəvət olunmasına ehtiyac olmadığını vurğulayıb. Sonra, cənab Fətullayev deyib ki, əgər nazir səfirliklərin narahatlığına əsaslanırsa, onda niyə, istintaq materiallarında istinad yoxdur? Dövlət ittihamçısı Çingiz Şükürov bildirib ki, itsintaqda baş redaktorun vergidən yayınması, terrora çağırışı və milli ədavəti qızışdırması sübut olunub. Cənab Fətullayev ona terror və milli ədavətin qızışdırılması ittihamlarının məğzinin aydın olmadığını, vergidən yayınma ittihamını isə qəbul etmədiyini bildirib. Baş redaktor deyib ki, onu "Əliyevlər müharibəyə gedir" məqaləsinə görə ittiham edirlər, ancaq məqalənin adı ittiham materiallarına salınmayıb. «Maraqlı məqamlardan biri də odur ki, həbsimdən bir neçə gün sonar, mayın 21-də, birdən "Azpetrol", "Aztrans", "Azeriqaz", "Ataholdinq" kimi şirkətlər və digərləri bir gündə MTN-ə eyni məzmunlu məktublar yazıb və məqalənin dərcindən iki ay sonra onlara "ciddi təhlükə törətdiyini" dərk ediblər. Bu tragikomediyadır». Milli ədavəti qızışdırmamla bağlı ittiham isə tamamilə əsassızdır. «Mən milli ədavətdən yazmamışam və hər hansı millətin adını çəkməmişəm. Cənub rayonlarında Naxçıvandan olan insanların rayon rəhbəri vəzifələrinə təyin edilməsindən yazmışam. Elə indi də deyirəm, Lənkəranın, Lerikin icra hakimiyyəti başçıları, bir sıra cənub rayonlarının polis rəisləri Naxçıvandanldır. Məgər naxçıvan milləti var». Onun sözlərinə görə, qəzetin redaksiyasında xəlvəti olaraq dinləyici vasitələr quraşdırılıb və redaksiyadakı danışıqlar və telefon danışıqları daim dinlənilib. «İstintaq materiallarında hətta redaksiyada etdiyimiz zarafatı da sübut kimi istifadə ediblər». Terrorla hədələmə ittihamına gəlincə, baş redaktor ABŞ-ın İranla müharibə edəcəyi təqdirdə Bakının İran tərəfindən bombardman edilmə ehtimallarından bəhs olunan müxtəlif qəzetlərdəki onlarla məqalənin adını çəkib. "Nəyə görə siz onları həbs etmirsiniz?", - deyə jurnalist dövlət ittihamçısına müraciət edib. Cənab Fətullayev Azərbaycanda azad mətbuatın və müstəqil jurnalistlərin təzyiq altında olduğunu məhkəmənin diqqətinə çatdırıb. «Son səkkiz ildə mənə qarşı 22-ci məhkəmə prosesi keçirilir. 8 dəfə şərti məhkum edilmişəm, iki dəfə həbs olunmuşam, bir dəfə məcburən hərbi xidmətə aparılmışam, bir dəfə məcbur olub ölkəni tərk etmişəm. Küçədə küt alətlə başıma zərbələr endiriblər. Təsadüfdən sağ qalmışam. 12 dəfə qətlə yetirlmiş dostum Elmar Hüseynovla birgə məhkəmə qarşısında durmuşuq. İndiyədək üzərimdə 400 min dollarlıq cərimə var. Deputat ölümlə hədələyib. İşlədiyim «Monitor», «Millətin səsi», «Gündəlik və Realnıy Azerbaycan» nəşrləri zorən fəaliyyətini dayandırıb. Bunlar təzyiq deyilmi?»-deyə cənab Fətullaev məhkəmə heyətinə sual edib. Daha sonra jurnalist həbsxanada Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqlə görüşünü yada salıb. «Komissar mənə prezidentə əfvimlə bağlı müraciət etməyimi məsləhət bildi və dövlət başçısından jurnalistlərin azadlığa buraxılmasını xahiş etdiyini dedi. Mən də müracəit etdim. Hesab edirəm ki, dövlət başçısını jurnalist kimi tənqid etmək normaldır. Eyni zaimanda, prezident kimi məhz ona müraciət etməyim də normal haldır. Bununla bağlı, mənə qarşı tənqidləri qəbul etmirəm. Mən jurnalistəm və siyasətlə məşğul olmuram». Cənab Fətullaev saxlanma şəraitindən də şikayət edib. «Bayıl həbsxanasında vaxtı ilə Stalinin saxlandığı kamerada qaz oğrusu ilə bir yerdə saxlanılırdım. MTN-nin təcridxanasında isə yayda kamerada 50 dərəcə isti olurdu». Vəkil İsaxan Aşurov «Amerikanın səsi» radiosuna jurnalistə qarşı irəli sürülən ittihamı cəfəng adalnıdırıb. Onun sözlərinə görə, ittiham Arropa İnsan Haqları Konvensiyası ilə tam ziddiyyət təşkil edir. Vəkil məhkəmədən ədalət gözləmir. Diqqəti çəkən məqamlardan biri də dünən Vergilər nazirliyinin baş redaktorun ailəsinə 171 min manat miqdarında vergini ödəmək tələbi ilə bağlı qəbz təqdim etməsidir.Cənab Fətullayevin atası Emin kişi nazirliyin qəbzi ilə bağlı təəccübünü belə ifadə edib.
XS
SM
MD
LG