Accessibility links

Azərbaycanda jurnalisti bir məqaləyə görə 10 il həbs  cəzası gözləyir


Ağır Cinayətlərə dair Məhkəmədə «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin işi üzrə məhkəmə prosesi vəkillərin və baş redaktorun son çıxışları ilə davam edib. Bundan öncə, dövlət ittihamçısı məhkəmədən baş redaktora 10 il həbs istəyib. Vəkil İsaxan Aşurov bildirib ki, jurnalist «Əliyevlər müharibəyə gedir» məqaləsinə görə ittiham olunur və iddiaçı kimi Azərbaycan dövləti çıxış edir. Xarici səfirliklərə qarşı terror təhlükəsi ilə bağlı ittihama baxmayaraq, bu idarələrin nümayəndələri məhkəmədə dindirilməyib. Dindirilmiş xarici şirkətlərin əməkdaşları isə terrorçuluq mövzusuna toxunmayıb. Vəkil məhkədən ədalət gözləmədiyni deyib. Onun sözlərinə görə, cinayətin nə obyekti, nə də subyekti var. İş 19 cilddən ibarətdir, onlardan 17-si vergidən yayınmaya aiddir. Həbsə qədər isə Eynulla Fətullayevin vergi orqanları ilə heç bir problemi olmayıb. Cənab Aşurov hesab edir ki,söhbət jurnalistin fikir ifadəsinə görə qanunsuz cəzalandırılmasından gedir, bu da Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında biabır edir. Vəkil məhkəmədən cənab Fətullayevə bəraət verməyi və işin istintaqını aparmış müstəntiqlərin cinayət məsuliyyətinə cəlb etməyi xahiş edib. O artıq Avropa İnsan Haqları məhkəməsinə müraciət etdiyini də diqqətə çatdırıb. Eynulla Fətullayev özü isə müdafiəçilərinə minnətdarlıq edib və valideynlərindən onlara narahatçılıq verdiyi üçün üzr istəyib. O mərhum Elmar Hüseynov öldürülməməişdən öncə validenylərinin narahatçılığı müqabilində dediyi,- «Azərbaycanda jurnalist yetim olmalıdır"-sözlərini xatırladıb. Cənab Fətullayev dövlət ittihamçısına rişxəndlə "çox yüngül cəza" üçün "təşəkkür edib". «Latın Amerikasının və Afrikanın diktator ölkələrində jurnalistləri timsahlara yem edirlər və ya daha ekzotik cəzalar düşünürlər. Buna baxanda mənə dövlət ittihamçısının istədyi 10 il həbs cəzası çox yüncgüldür»-deyə baş redaktor isteza ilə bildirib. O Azərbaycan məhkəmələrini fasist məhkəmələri ilə müqaisə edib. "Hətta Hitlerin vaxtında belə nasist məhkəməsi Ernst Telmana bəraət qazandırıb. Azərbaycanda isə hələ bir nəfər belə məhkəmədə bəraət ala bilməyib. Belə çıxır ki, bizim məhkəmələrimiz nasist məhkəmələrindən də betərdir", - deyə jurnalist qeyd edib. Cənab Fətullaeyv Məhkəmə-Hüquq Şurasının bəyanatını da xatırladıb. «Bəyanatda əgər Avropa Məhkəməsində iş müttəhimin xeyrinə həll olunarsa, cərimələri işi aparan hakim ödəyəcəyi deylir. Amma baxmayaraq ki, mənim işim Avropa məhkəməsində uğur əldə edəcək, mən sizdən pul almayacağam"-deyə o hakimlərə bildirib. Məhkəmənin ədalətli istintaq aparmamasına etirazlar da davam edir. Elə bu gun «Dalğa» Gənclər Hərəkatının bir qrup üzvü ağızlarını yapışqanlı kağızlarla bağlayaraq «Eynulla Fətullayevə azadlıq», «Jurnalistlərin həbsi Azərbaycanı biabır edir» şüarları ilə məhkəmənin qarşısında piket keçirib. Məhkəmə prosesini izləyənlər arasında tanınmış hüquq müdafiəçisi Hikmət Hacızadə də var. O jurnalistlərin həbsini biabırçılıq adlanırır.
XS
SM
MD
LG