Accessibility links

Araz Əzimov: Hazırkı anda Türkiyənin Ermənistanla sərhədi açması Azərbaycanın maraqlarına ziddir 


Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına dair qərar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı qəbul edilib. Bu qərarın ləğvi də işğalın aradan qaldırılmasından sonra mümkün olmalıdır.

Azərbaycan hesab edir ki, sərhədlərin açılması münaqişənin həlli kontekstində, prosesin inkişafı ilə bağlı baş tuta bilər.

Bunun hansı mərhələdə olmasını müzakirə edə bilərik. Münaqişənin həlli kontekstindən kənar sərhədlərin açılması Azərbaycanın maraqlarına zıddir.

Azərbaycan Türkiyə tərəfinə mövqeyini bildirib. Yəqin ki, vəziyyət tam aydındır. Bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması neçə illər davam edən münaqişənin həlli prosesində bir faktor olub. “Bu faktor həm də əhəmiyyətə malikdir”.

Nazir müavini sərhədlərin açılmasının Azərbaycan-Türkiyə münasibətlərinə təsiri ilə bağlı sualın cavabında eyhamla “o məsələyə gəlib çatarıq” deyib.

“Türkiyə rəhbərlərindən eşitdiklərimizi bir daha təkrar edə bilərik: Həm prezident Abdullah Gül, həm də baş nazir Rəcəb Tayyip Ərdoğan sərhədlərin Azərbaycanın əraziləri işğaldan azad edilmədikcə açılmayacağı barədə bəyanatlar veriblər. Azərbaycan bu bəyanatlardan yan keçə bilməz”.

O, Azərbaycanın təklənməsi ilə bağlı sualın cavabında isə deyib ki, Azərbaycan heç zaman təklənməyəcək. “Çünki regiondakı bütün proseslər, layihələr Azərbaycandan qaynaqlanır. Ona görə də Azərbaycan təklənməyəcək.

Əslində Azərbaycanın iradəsindən asılı olaraq regional inkişaf sürətlənə bilər və ya başqa istiqamətdə gedə bilər”.

O, münaqişənin nizamlanması ilə bağlı danışıqların Minsk qrupunun 3 həmsədri vasitəsi ilə ayrı-ayrı format və səviyyələrdə keçirildiyini deyib.

“Bu görüşlər nazirlər, prezidentlər və həmsədrlərin Bakı və Yerevana səfərləri formatında davam etdirilir. Konkret desək, danışıqlar prosesi yoxdur. Görüşlər və səfər diplomatiyası həyata keçirilir. Həmsədrlər əsas prinsiplər üzrə tərəflərin razılığını əldə etməyə çalışır.

Bu prinsiplər üzərində razılıq əldə edildikdən sonra əsas Saziş üzərində iş başlaya bilər. O zaman isə, təbii ki, daha sıx görüşlər, müzakirələr formatına keçilə bilər”.

Rus qoşunlarının işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıdacağı ilə bağlı son zaman səslənən məlumatlarla bağlı sualın cavabında nazir müavini deyib ki, Azərbaycan ərazilərində başqa dövlətin qoşunları yerləşdirilə bilməz.

“Azərbaycanın prinsipial siyasəti budur ki, ölkə ərazisində hər hansı kənar dövlətin qoşunları yerləşdirilə bilməz. İkincisi, mən 5 rayonun və ya 5+1 rayonun qaytarılması arifmetkasının tərəfdarı deyiləm. Azərbaycanın son məqsədi ərazi bütövlüyünün bərpasıdır. Ərazi bütövlüyü çərçivəsində Azərbaycan ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının birgə və mehriban şəraitdə yaşamasını təmin etməlidir”.

Nazir müavini hesab edir ki, yuxarıda sadaladığı məsələlərə birdən nail olmaq mümkün deyil.

“Bunun üçün problem mərhələlərlə həllini tapmalıdır. Ərazilərin boşaldılması üçün müxtəlif formaların ortaya atılması da düzgün deyil. Torpaqların boşaldılması texniki və hərbi cəhətdən çox vaxt aparan çətin prosesdir. Ona görə də istər-istəməz bu, mərhələli olacaq.

Türkiyə-Ermənistan sərhədlərinin açılmasının da bu mərhələli prosesə daxil edilməsi mümkündür. Sərhədlərin hansı mərhələdə açılacağını müzakirə etmək olar.

Bu məntiqi inkişaf etdirsək, ərazilərin bir hissəsi boşaldılır və onun üzərindən keçən yollar və sərhəd açılır. Bu mərhələdə 5 və ya 5+1 rayonu boşaltmaq mümkündür.

Bu ərazilərdə Türkiyə-Ermənistan-Azərbaycanı birləşdirən yollar var. Bu yollar işğal ərazisindən keçir.

Bir sözlə, işğal davam edirsə, Azərbaycanla-Ermənistan arasında hansısa əməkdaşlıqdan söhbət gedə bilməz. Beləliklə, Türkiyə də Azərbaycanla Ermənistan arasında irəliləyiş olmayınca sərhədləri açarsa, “qazanc” əldə edə bilməyəcək”, - deyə o qeyd edib.

Cənab Əzimov hesab edir ki, ərazilər boşaldıldıqdan sonra münaqişə zonası demilitarizasiya zonası olacaq. “İlkin anda ərazidə Azərbaycanın təhlükəsizliyi təmin edə bilən qüvvələr yerləşdiriləcək.

Çünki mülki əhali qayıtdığı dövrdə onların təhlükəsizliyini təmin etmək lazım olacaq. Bu, gələcəkdə müzakirə edilə bilən məsələdir”.

Nazir müavini hesab edir ki, münaqişənin həlli üçün hazırlanan və imzalanacaq Sazişin yerinə yetirilməsi üçün beynəlxalq yardımlar da təmin ediləcək.

“Bu sırada müşahidəçilərdən başlayaraq, müxtəlif formalarda xidmətlər təmin edilə bilər. Ancaq bu, hələ müzakirə edilən məsələdir”.

Cənab Əzimov vurğulayıb ki, həmsədr dövlətlərin hərbi qüvvələri heç bir formada əməliyyatlarda iştirak edə bilməyəcək. “Buna hər iki tərəfin razılığına əsasən, davamlı bir prinsip olaraq hörmət edilir”.

XS
SM
MD
LG