Accessibility links

Freedom House-un Azərbaycanda insan haqları ilə bağlı hesabatı birmənalı qarşılanmayıb


Freedom House Beynəlxalq Hüquq-müdafiə təşkilatı dünyada azadlıqla bağlı illik hesabatında Azərbaycanı azad olmayan ölkələr sırasında göstərib. Hüquq müdafiə təşkilatının hesabatı və ümumiyyətlə beynəlxalq təşkilatların Azərbaycanda insan hüquqlarının vəziyyətilə bağlı fikirləri Azərbaycanda birmənalı qarşılanmır. Belə ki, dünən prezident İlham Əliyev beynəlxalq təşkilatların hesabatlarını qəbul etmədiyini bildirib və Azərbaycanı insan haqları sahəsində örnək ölkə adlandırıb. Dövlət başçısı beynəlxalq təşkilatları ikili standartlarda qınayıb. Onun fikrincə, nədənsə beynəlxalq təşkilatlar bir milyondan çox qaçqının hüquqlarından danışmır, Ermənistana təsir etmir. Öz növbəsində, hüquq müdafiəçisi Murad Sadəddinov Freedom House-un hesabatını real sayır. O «Amerikanın səsi» radiosuna son ildə ölkədə insan hüquqları sahəsində geriləmələrin olduğunu deyib. Qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi məsələsinə gəlincə cənab Sadəddinov çoxsaylı beynəlxalq təşkilatların Azərbaycan qaçqınlarına illər boyu humanitar yardım etdiyini, münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsinin və Avropa Şurasının kifayət qədər aydın sənədinin olduğunu deyib. Onun sözlərinə görə, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatları hökumətlərə yönəldilir ki, həllini tapsın.
XS
SM
MD
LG