Accessibility links

“Haray”ın qonağı Məhəmməd Qabili: İran həbsxanasında döyüldüm, təhqir olundum


Bu gün Harayın qonağı Məhəmməd Qabilidir. Qəhrəmanım Təbriz Universitetində gizli tələbə təşkilatının rəhbəri olub. Məhəmməd Qabilinin hekayəti İran həbsxanalarında rastlaşdığı zorakılıqlar barədədir.
Qəhrəmanım həbsxana əzablarından danışarkən tez-tez həyəcanlanır, sanki ağır zərbələr indi də ona dəyirmiş kimi oturduğu kətildən qalxaraq diksinirdi. İran həbsxanası bədənində çoxlu qançırlar buraxıb. Həbsxanada işgəncə nəticəsində qılçını sındırıblar. Cənab Qabili hazırda Kanadada yaşayır.
Beləliklə, Məhəmməd Qabili 1965-ci ildə İran Azərbaycanının Sərab şəhərində anadan olub. Təbriz Universitetinin təlim-tərbiyə üzrə müəllimlik və şəhərsalma fakültələrini bitirib.
Cənab Qabili Təbriz Universitetində 1990 - 1997-ci illərdə “Azərbaycan Yeni Birlik” və “Azərbaycan-Türk Tələbə Hərəkatı” adlı gizli tələbə təşkilatlarına rəhbərlik edib. 1997-ci ildə həbs edilib və İran həbsxanalarında zorakılıqlara məruz qalıb.
O 1998-ci ildə İran İnqilab məhkəməsindən Azərbaycana qaçıb. Cənab Qabilini və qardaşını bir müddət Azərbaycan xalq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəy himayə edib. Öz dediyinə görə, Azərbaycanda da İran xəfiyyəsi onu izləyib və küçədə dəmir parçası ilə başından zərbələr endirib. Bir neçə gün koma vəziyyətində qaldıqdan sonra ayılıb. Azərbaycan hökumətinin, Türkiyə səfirliyinin köməyi ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı cənab Qabiliyə 2005-ci ildə Kanadadan sığınacaq alıb.

Sual: İranda prezident seçkiləri zamanı və sonrakı etirazlara tələbələr qoşulmadı. Buna səbəb nədir?
Cavab: İranda iki təmayüllü tələbə hərəkatı var. Biri, ümumiran tələbə hərəkatı, digəri isə milli tələbə hərəkatlarıdır. İranda həm keçmişdə, həm də indi proseslər millətlərin əleyhinə yönəlib, azadlıqlar yoxdur. Hazırkı seçki mübarizəsi də paniranist meyllidir. Bu səbəbdən də tələbə hərəkatı seçki mübarizəsinə qoşulmadı. Tələbələrin onlara qoşulması yeni diktatorluğa yardım olardı. Tələbə hərəkatının məqsədi İrana və bütün millətlərə azadlıq gətirməkdir. İranda yaşayan bütün xalqlar rəsmi şəkildə farslarla bərabər hüquqda tanınmalı, onlara azad yaşamaq, mədəniyyətlərindən, dilindən istifadə azadlığı verilməlidir.
Sual: Siz İranda həbsdə olubsunuz. İranda həbsdə olduğunuz zaman başınıza nələr gəlib? Sizə qarşı işgəncələr olubmu? Necə olub, məhkəmədən qaça bilibsiniz?
Cavab: Həbsdə olarkən mənə qarşı olan işgəncələrdən danışmaq çox ağırdır. Məni həbs etdikdən sonra ittiham elan etmədən neçə ay kamerada saxladılar. Saxlama kamerasından sonra Təbriz həbsxanasına apardılar. Təbriz türməsində siyasi ittiham irəli sürdülər. Siyasi ittihamdan sonra İnqilab məhkəməsinə çıxardılar. Məhkəmədə bütün günahları üzərimə götürdüm. Sonra girov müqabilində məhkəmə dövründə məni evə buraxdılar və ölkədən qaçdım. Həbsxanada əsas işgəncə növü insanı döyməkdir. Həbsdə olarkən mənim qıçımı, burnumu vurub sındırdılar. Gecə yatmağa qoymurdular, hamamdan sabunlu çıxarırdılar, soyuq havada lüt saxlayırdılar, tualetə gedəndə qapını qıfıllayıb saatlarla orada saxlayırdılar, gecə yatağına soyuq su tökürdülər. səhərədək kameranın üstündə əsgərlər dəmirlə taqqıldadır, elektriki işgəncələr də geniş yayılıb. Həbsdə mənə deyirdilər, hökumətə qarşı silahlı etiraz etməyimizi boynuma alım. Silahları harada gizlədibsiniz? Mən silahsız mübarizə yolunu seçdiyimiz deyirdim. Bir dəfə məni “futbol otağı” dedikləri otağa apardılar. Əlim bağlı idi, başıma torba keçirmişdilər. Orada məni hər tərəfdən təpiklə və dəmir çubuqla döyürdülər. Mən danışmadım, dedilər dırnaqlarını çəkəcəyik. Sonra isə bir neçə dəfə gecələr yuxudan qaldırdılar ki, səni güllələməyə aparırıq. Bundan sonra, sınmış qılçıma və sınmış burnuma vurmaqla mənə dəhşətli əziyyət verirdilər. İşgəncə o qədər ağır idi ki, onlar edama aparırıq deyəndə gülə-gülə qarşılayırdım. Deyirdim bəlkə ölərəm, canım bu işgəncələrdən qurtarar.
Onlar hətta sınmış qılçımı belə sarımadılar. Özüm ağac taparaq qılçımı sarıdım.
Azərbaycana qaçandan sonra da çox problemlər yaşadıq. İran dəfələrlə bizi geri istədi. Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy bizi himayə etdi. Nəhayət İran kəşfiyyat orqanlarının əməkdaşları 2001-ci il sentyabrın 5-də Bakıda başımdan bir neçə dəfə dəmir parçası ilə vurdu. Onlar məni ölmüş bilib, küçədə atıb getmişdilər. Məni polis tapmışdı. Bir neçə gün koma vəziyyətində qaldıqdan sonra ayılmışam. Zərbələr nəticəsində gözlərimin torlu qişası partlayıb. İndi bir neçə əməliyyatdan sonra gözümün biri bir qədər görür.
Sual: Sizə qarşı işgəncələrin daha hansı növündən istifadə edirdilər? Həbsdə olarkən insanların zorlanmasının şahidi olubsunuzmu?
Cavab:
Bizə qarşı, zorlamaya qalxa bilmədilər. Amma hamamda çimən zaman istənilən məhbusun qapısını açırdılar. Belə problemlər var idi. İnsanları dəmir çubuqla, qırmızı şılanqa oxşar ağır bir alətlə döyürdülər.
Sual: Kanadaya necə gedə bildiniz?
Cavab: Dəfələrlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinə müraciət etməyimə baxmayaraq mənim üçün siyasi sığınacaq axtarmadılar. Çünki İran xəfiyyəsi komissarlığı aldatmışdı. Nəhayət burada komissar dəyişdi, amerikalı ilə əvəz edildi. Bundan sonra, Türkiyə səfirliyinin yaxından köməyi ilə, məni və ailəmi 2005-ci ildə Kanadaya göndərdilər. Amma Bakıda 1998-2005-ci illər ərzində keçirdiyim ağır günlərdə uşağımın birini də itirdim.


XS
SM
MD
LG