Accessibility links

BQXK Rusiya-Gürcüstan müharibəsindən əziyyət çəkənlərə ilkin yardım üçün müraciət edib


BQXK Gürcüstan, Cənubi Osetiya və Rusiya qoşunları arasında beynəlxalq silahlı münaqişə nəticəsində əzab çəkən 50 minə yaxın insanın ehtiyaclarını ödəmək məqsədilə 8 milyon İsveçrə frankı (7.4 milyon ABŞ dolları) üçün dövlətlərə ilkin fövqəladə müraciət edib.

Müraciətin məqsədi yaralılara müvafiq cərrahi və digər tibbi qayğı göstərmək və Şimali Osetiya və Gürcüstanda olan məcburi köçkünlər və eləcə də Cənubi Osetiyada qalan mülki əhaliyə fövqalədə yardımı təmin etməkdən ibarətdir. Buraya Sxinvalidəki əhalinin içməli su ilə təchiz edilməsi daxildir. Bu barədə BQXK məlumatında deyilir.

BQXK eyni zamanda münaqişə ilə bağlı tutulmuş və həbs olunmuş bütün insanlarla görüşə bilmək cəhdlərini davam etdirir. "Bu gün səhər BQXK-nın nümayəndələri yaralanmış və hal-hazırda Gürcüstan hökumət orqanları tərəfindən saxlanan iki rus pilotuna baş çəkib"-deyə xəbərdə qeyd olunur.

Komitə bildirir ki. yerli həkim briqadalarına, o cümlədən Qoridəki mülki xəstəxanaya kömək məqsədilə BQXK-nın həkim briqadası avqustun 12-də Gürcüstana gəlib. Finlandiya və Norveçin Milli Qızıl Xaç Cəmiyyətləri də Gürcüstanda və əgər mümkün olarsa Sxinvalidə yaralıların müalicəsinə kömək etmək üçün öz səhra xəstəxanalarını oraya göndərir.

"Son bir neçə gün ərzində BQXK Rusiya Federasiyasının Alagir, Ardon və Vladiqafqazdakı xəstəxanalarına və eləcə də Gürcüstanda Qori, Poti və Senakidəki xəstəxanalara baş çəkə bilib"- deyə təşkilatın əməliyyat üzrə direktor müavini Dominiq Stilhart qeyd edib.

Onun sözlərinə görə. hazırkı anda nə qədər insanın öldürüldüyü və ya yaralandığını söyləmək tezdir. "lakin bizim qeyd olunan xəstəxanalara baş çəkmələrimiz bir daha təsdiqləyir ki, yerli tibbi müəssisələr çoxlu sayda yaralı və ölülərlə məşğul olur".

BQXK üçün daha önəmli məsələlərdən biri də münaqişə nəticəsində öz evlərini məcburi şəkildə tərk etmiş və ayrı düşmüş insanlara yardım etməkdən ibarətdir. BQXK ümid edir ki, ehtiyacı olanları odeyal, gigiyenik material və mətbəx qabları ilə təmin edəcək və eləcə də Sxinvalidə yaşayan əhalinin su təchizatını bərpa edəcək. Təşkilat Cənubi Osetiyadan didərgin düşmüş insanlara da fövqəladə yardım etmək niyyətindədir.

XS
SM
MD
LG