Accessibility links

Avropa Şurası Komissarı Azərbaycanı insan hüquqları islahatlarının effektiv icraatına çağırır


Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq bu gün Azərbaycanda insan hüquqlarının ümumi vəziyyəti ilə bağlı hesabatını təqdim edib. O, müstəqillik qazanılandan sonra əldə olunan irəliləyişləri, xüsusilə məhkəmə sisteminin inkişaf etdirilməsi və ağır şəraitdə yaşayan məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün edilən cəhdləri alqışlayır. İnsan Hüquqları üzrə Komissar həmçinin insan hüquqarının müdafiəsi ilə bağlı 2006-cı ildə qəbul olunmuş Milli Fəaliyyət Planının icrası ilə əlaqədar hökumətin öz üzərinə götürdüyü ciddi öhdəliyi təqdirə layiq hesab edir. Bununla belə, o, bir sıra çatışmamazlıqları müəyyən edir və məhkəmə, polisin davranışı və ömürlük həbs cəzasına məhkum olunmuş insanların vəziyyəti ilə bağlı mövcud problemləri aradan qaldırmaq üçün konkret tövsiyyələr təklif edir. Cənab Hammarberq ifadə azadlığına hörmət edilməsi zəruriliyinə və diskriminasiyaya son qoyulmasına da toxunur. Komissar hakimiyyətə məhkəmə sisteminin Avropa standartlarına uyğun tam müstəqilliyini, bitərəfliliyini və effektivliyini təmin etmək üçün bu sahədə islahatı başa çatdırmağı tövsiyyə edir. O, diqqəti şübhəli motivləri olan cinayət məsuliyyətinə cəlb etmələrə və qeyri-proporsional həbslərlə bağlı ciddi ittihamlara yönəldir. Eyni zamanda korrupsiya ilə mübarizəni davam etdirmək üçün təcili tədbirlərin görülməsinə çağırır. Hesabatda qeyd edilir ki, istintaq dövründə işgəncə faktlarının mövcud olması ilə bağlı şikayətlər hələ də mövcuddur. Komissar xüsusilə müxalifət nümayəndələri və ya jurnalistlərə qarşı tətbiq edilən əsassız həbs praktikası ilə bağlı nigarançılığını ifadə edir. O, polis işçiləri üçün münasib insan hüquqları təlimlərinin keçirilməsi və cəzasız qalma hallarının qarşısını almaqdan ötəri vəzifədən sui-istifadə halları ilə bağlı bütün şikayətləri araşdırmaq üçün ciddi tədbirlərin görülməsi kimi məxsusi addımların atılmasını tövsiyyə edir. Komissar Hammarberq uzun müddətə, xususilə də ömürlük həbs cəzası məhkum edilən məhbusların saxlanıldığı şəraitdən də narahatdır. Ona görə də o, ömürlük və uzun müddətli həbs cəzasına məhkum olunanların təcrid etmə və izolyasiyasının qarşısını almaq üçün effektiv qərarların qəbul edilməsini, ömürlük həbs cəzasına məhkum edilənlərin erkən vaxtlarda nəzərdən keçirilməsi sisteminin yaradılmasını tövsiyyə edir. Hesabatda qeyd edilir ki, informasiyaya çıxış ciddi problem olaraq qalmaqdadır. Komissar, bu yaxınlarda bir sıra jurnalistlərin prezidentin əfv fərmanı ilə azadlığa buraxılmasını alqışlayır, lakin təəssüf edir ki, bu müəyyən çərçivədə məhdudlaşdırılıb. O, diffamasiya ilə bağlı cinayət məsuliyyətinin ləğv edilməsini tövsiyyə edir. İnsan alveri Azərbaycanda da həyəcan təbilinin çalındığı və qurbanların Dövlət tərəfindən çox zəif müdafiə ilə təmin olunduğu sahədir. Komissar məişət zəminində zorakılıq, həyat yoldaşı tərəfindən zorakılığa məruz qalma ilə mübarizə aparmaq üçün xüsusi tədbirlər də daxil olmaqla daha ciddi addımların atılmasını tövsiyyə edir. Uşaq hüquqları ilə bağlı isə hesabat, uşaqlara qarşı şiddətin bütün formalarının qarşısını almaq üçün maarifləndirici işlər görməyə çağırır və yeniyetmələrin hüquq-mühafizə və ədliyyə sistemində müdafiəsini təmin etmək üçün xüsusi tədbirlər görməyi tövsiyyə edir. Hesabat, həmçinin azlıqların kütləvi informasiya vasitələrində daha çox təmsil olunmalarının təmin edilməsi, azlıq dillərinin tədrisi üçün lazım olan maliyyənin ayrılması və maarifləndirici kampaniyaların icra olunması yolu ilə onların müdafiəsini və inteqrasiyasını yaxşılaşdırmaq üçün xüsusi tövsiyyələrlə çıxış edir. Daha sonra o, milli hakimiyyətin nümayəndələrinə dini və ya digər baxışlarına görə hərbi xidmətə getmək istəməyənlər üçün alternativ hərbi xidmət haqqında qanunun qəbulunu sürətləndirməyi tövsiyyə edir. Komissar hesabatda məcburi köçkünlərin hüquqlarının daha geniş müdafiəsini, xüsusilə onların yaşayış şəraitləri və hərəkət azadlıqları ilə bağlı məsələləri tövsiyyə edərək Dağlıq Qarabağ münaqişəsindən irəli gələn vəziyyət üzərində cəmlənir. Cənab Hammarberq itkin düşmüş insanların talelərini aydınlaşdırmaq üçün daha çox səy göstərməyə çağırır və qarşıya çıxan məsələləri həll etmək üçün milli hakimiyyətə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığı davam etdirməyi tövsiyyə edir.
XS
SM
MD
LG