Accessibility links

Azərbaycanda hava şəraiti kəskin pisləşib


Azərbaycanda yanvarın 5-dən başlayan qar hələ də kəsməyib. Ölkənin bütün magistral yolları buz bağlayıb, avtomobillərin hərəkəti məhdudlaşıb. Sinoptiklər yaxın günlərdə qarlı və şaxtalı hava şəraitinin davam edəcəyini bildirir. Ekologiya və Təbii Sərvətlər nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi İmran Məmmədov «Amerikanın səsi» radiosuna bildirib ki, bəzi rayonlarda qar örtüyünün hündürlüyü 64 santimetrə çatıb və qar yağıntısı hələ də davam edir. Cənab Məmmədov magistral yolların buz bağladığını bildirib. Onun sözlərinə görə, ölkə ərazisindən Gürcüstana, İrana və Rusiyaya keçən avtomobil yollarında qar yağıntısı davam edir. Sinoptiklərin məlumatına görə, ölkə ərazisinə nisbətən isti hava kütləsi yanvarın 10-dan daxil olmağa başlayacaq. Direktor əvəzi sabah günün ikinci yarısından yenidən qar yağıntısının güclənəcəyini bildirir. Hava şəraitinin əlverişsiz keçməsi ilə əlaqədar yanvarın 10-dək ölkənin bütün orta ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində dərslər təxirə salınıb. Gün ərzində paytaxt Bakının yollarında avtomobillərin hərəkəti də məhdud olub. Əhali nəqliyyat problemi ilə üzləşib. İnsanlar əsasən metro nəqliyyatına üstünlük verir. Bakı meriyası yolların təmizlənməsi üçün çoxsaylı qartəmizləyən texnika çıxardığını bildirsə də, yollarda qar və buz örtüyü qalmaqdadır. Bakı meriyasının təsərrüfat şöbəsinin müdiri Xalid Ələsgərov əsasən paytaxtın mərkəzi yollarının təmizləndiyini deyir. Ölkənin hava limanları da bu gün təyyarələri qəbul edə bilməyib. «Azal» Dövlət Konserninin şöbə müdiri Məhərrəm Səfərli «Amerikanın səsi» radiosuna bildirib ki, uçuşlar qismən bərpa edilir.
XS
SM
MD
LG