Accessibility links

Azərbaycanda hərbi təhsil sistemi NATO standartlarına uyğundur


Azərbaycan Ali Hərbi Məktəbində prezident İlham Əliyevin iştirakı ilə hərbi məktəblərin kursantlarının təntənəli buraxılış mərasimi keçirilib. Mərasim zamanı hərbi təyyarəçilərin nümunəvi çıxışları olub, onlar yüksək pilotaj elementləri nümayiş etdirib.

Uçuşlar Mİ-24 vertolyotlarında, MiQ-29, Su-25, L-39 və digər qırıcı-bombardmançı təyyarələrdə həyata keçirilib. Müdafiə naziri Səfər Əbiyev deyib ki, bu il NATO standartları ilə hazırlanmış zabit kadrlarının 7-ci buraxılışıdır. O, Türkiyə Silahlı Qüvvələrinə Azərbaycanda ordu quruculuğu işində və hərbi təhsil sisteminin inkişafında yardımına görə təşəkkür bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin çıxışı isə ordu quruculuğu, hərbi xərclər, Ermənistan-Azərbaycan münaqişəsi, danışıqlar prosesi və Silahlı Qüvvələrin döyüş hazırlığı məsələlərinə həsr olunub. Ali Baş komandanın fikrincə, Azərbaycan hazırda çox güclü orduya malikdir və regionda qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Cənab Əliyevin dediyinə görə, son 4 ildə ölkənin hərbi xərcləri 8 dəfə artaraq 1 milyard dollara çatıb və Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yeri tutur. Ali baş komandan hazırda Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsinə bərabər olduğunu və gələcəkdə daha da artacağını xatırladıb.

Prezident Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq ictimaiyyətin marağında olan xarici siyasəti və enerji təhlükəsizliyində rolunu qeyd edib. O ölkənin bir nömrəli problemi kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərib. Dövlət başçısı münaqişənin həllinin beynəlxalq ictimaiyyətin tanıdığı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü diqqətə çatdırıb. Ali Baş komandan Azərbaycanın danışıqlara sadiq olduğunu da bəyan edib.

XS
SM
MD
LG