Accessibility links

Prezident İlham Əliyev: «Azərbaycan sülh və ya hərbi yolla ərazi bütövlüyünü bərpa edəcək»


Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Silahlı Qüvvələrin tədris müəssisələrinin məzunlarının altıncı buraxılış mərasimi keçirilib. Mərasimdə prezident İlham Əliyev, dövlət və hökumət rəhbərləri, paralmentin deputatları, xarici diplomatik nümayəndəliklərin başçıları və ictimaiyyətin nümayəndələri iştirak edib. Ali Aviasiya məktəbinin məzunları isə məharətlərini nümunəvi uçuşları ilə göstərib. Önların döyüş təyyarə və helikopterləri ilə göstərdiyi yüksək pilotaj nümunələri alqışlarla qarşılanıb. Müdafiə naziri Səfər Əbiyev 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçdiyini bildirib. Onun sözlərinə görə, NATO standartlarının tətbiqi ordunun döyüş hazırlığının güclənməsinə təkan verib. Nazir hərbi qulluqçuların soial vəziyyətinin də dövlət qayğısında olduğunu diqqətə çatdırıb. Cənab Əbiyev hərbi qulluqçuların əmək haqlarının bir neçə artırıldığını və son üç ildə onlara 1188 mənzil ayrıldığını bildirib. O Silahlı Qüvvələrin Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməyə hazır olduğunu da bəyan edib. Prezident İlham Əliyev dövlətin orduya böyük qayğı göstərdiyini önə çəkib, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı kəskin bəyanatlar verib. O son üç ildə hərbi büdcənin 4 dəfə artırıldığını və 2003-cü ildə 135 milyon dollar olan hərbi büdcənin 2006-cı ildə 700 milyon dollara yaxınlaşdırıldığını söyləyib. Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlarının nəticəsiz olduğunuı deyib. Onun qənaətincə, danışıqlarda nəticənin olmaması Ermənistanın qeyri-konstruktiv mövqeyindən irəli gəlir. Cənab Əliyev Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadığını və beynəlxalq təşkilatların qərarlarını yerinə yetirmədiyini önə çəkib. Prezident, belə olan halda nizamlanmanın beynəlxalq mexanizmlərinə inamın itdiyini bildirib. Dövlət başçısı Azərbaycanın öz siyasətinə dəyişikliklər etməli olacağını da xatırladıb. Cənab Əliyev Ermənistana ciddi mesajlar da ünvanlayıb. O Ermənistanın Azərbaycanla iqtisadi və hərbi sahədə rəqabət apara bilmədiyini və yaxın 20 ildə Azərbaycanın yalnız neft gəlirlərindən 140 milyard dollar vəsait əldə edəcəyini deyib.
XS
SM
MD
LG