Accessibility links

Azərbaycan - NATO əlaqələrinin 15 ili



Bakıda Azərbaycan - NATO Beynəlxalq Məktəbi Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmasının 15-ci ildönümü ilə bağlı “NATO-Azərbaycan: keçmişi qiymətləndirərək gələcəyə baxış” mövzusunda ali konfrans keçirib. Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Türkiyənin keçmiş xarici işlər naziri, NATO-nun Əfqanıstandakı baş mülki zabiti Hikmət Çətin, ABŞ müdafiə nazirinin müavininin köməkçisi K.Brovn, NATO Müdafiə Kollecinin Araşdırmalar Departamentinin direktoru K-H.Kamp, NATO-ya üzv və tərəfdaş ölkələrin Bakıdakı səfirləri, Azərbaycanın NATO ilə əlaqədə işləyən nazirliklərinin təmsilçiləri, NATO məktəbinin üzvləri iştirak edib.
Konfransa NATO baş katibi Yaap de Hoop Sxofferin video-təbriki çatdırılıb. O, 15 ildə NATO - Azərbaycan əməkdaşlığının möhkəm bünövrəsinin qurulduğunu və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini deyib. Baş katib Azərbaycanın NATO ilə əməkdaşlığa böyük töhfələr verdiyini bildirib. “Azərbaycan Silahlı Qüvvələri Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edir. Bu, Azərbaycanın məsuliyyətindən xəbər verir. Bu göstərir ki, Azərbaycan dünyada sülh və təhlükəsizlik yaradılmasını istəyir”.
Baş katib eyni zamanda 15 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesinin davam etdirildiyini deyib. “Bu, uzunmüddətli bir prosesdir. Hazırda bu sahədə əməkdaşlıq uğurludur. Ancaq qarşıda görüləcək işlər də çoxdur”.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ötən 15 ildə Azərbaycan - NATO əlaqələrini yüksək qiymətləndirib. Onun dediyinə görə, Azərbaycan NATO ilə hərbi, müdafiə institutlarının qurulması, silahlı qüvvələrə demokratik nəzarət, təhlükəsizlik sahəsində siyasi məsləhətləşmələr, sülhə dəstək əməliyyatları, təhlükəsizlik sektorunda islahatlar, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə bağlı elmi əməkdaşlıq, iqtisadi və ekoloji məsələlər də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq edir.
Nazir müavini hesab edir ki, NATO-ya üzvlük hələ hər şeyin dərmanı demək deyil. Bunun üçün imkanlar olmalıdır. Coğrafi, siyasi vəziyyət və böhranlar buna imkan verməlidir. Gürcüstan problemi bir daha sübut etdi ki, üzvlük üçün imkanlar yaradılmalıdır”.
A.Əzimov NATO - Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsini vacib sayır. “Biz NATO ilə əməkdaşlığın genişləndirilməsi barədə düşünürük. Əfqanıstanda fəal döyüşlərdə iştirak etməyən dövlətlərin də töhfələri ola bilər. Buna siyasi reaksiya bildirilməlidir. Azərbaycan antiterror və enerji məsələlərində nailiyyətlər əldə edib. Bu sahədə əlaqələrimiz genişləndirilməlidir. Standartlaşdırma Azərbaycan, Gürcüstan və digər dövlətlər üçün açıq olmalıdır”, - deyə o qeyd edib.
NATO-nun Əfqanıstanda baş mülki zabiti, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin bildirib ki, Cənubi Qafqazla bağlı Türkiyənin və digər dövlətlərin çağırışları imkana dönə biləcək cəhd kimi qiymətləndirilməlidir. “Qafqaz mühüm strateji məkandır. Bu region qərblə şərqin enerji əlaqələrinin mərkəzində yerləşir”.
O, NATO-nu qarşıda duran təhlükələri təsnifləşdirməyə çağırıb. “Dünyadakı təhlükələr artıq sərhədləri aşır, asimmetrikdir. “Terror, kiberterror, miqrasiya, irqçilik, demoqrafik tendensiyalar, nüvə silahları, insan alveri, separatçılıq meylləri, ərzaq və suyun çatışmaması, ətraf mühit və başqa təhlükələr dünyada fəaldır, çoxlu sayda həll edilməmiş münaqişələr var”.
Cənab Cətin bir çox dövlətlərin böyük miqdarda resurslarını Silahlı Qüvvələrə sərf etdiyini deyib. “Ancaq bu, çıxış yolu deyil. Ona görə də əməkdaşlıq yolu ilə mübahisələri həll etmək lazımdır. Qafqaz regionunda da münaqişələr həll edilməlidir. Ötən il Gürcüstan problemi bir daha dondurulmuş münaqişələrin həllinin vacibliyini sübut etdi. Dağlıq Qarabağ problemi həll edilməzsə, regionda daim silahlı münaqişə təhlükəsi qalar. Regionda sərhədlərarası əməkdaşlıq vacibdir”.
NATO-nun baş mülki zabiti Azərbaycan - NATO əlaqələrini yüksək qiymətləndirib. “Azərbaycan NATO-nun proqramlarında fəal iştirak edir. Azərbaycan qoşunları Əfqanıstanda sülhün bərpasında işləyir. Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılır”.
O, region dövlətlərinin NATO-ya üzvlüyü üçün yollar açılmasını vacib sayır. “Hesab edirəm ki, Ukrayna və Gürcüstan NATO-ya üzv olmalıdır. Türkiyə NATO-nun genişlənməsinin tərəfdarıdır. Türkiyə Balkanlarda, Qafqazda, Orta Asiyada və Fars körfəzi regionunda NATO standartlarını yayır. Rusiyanın Gürcüstana müdaxiləsi bir daha NATO-nun genişlənməsinin vacibliyini sübut etdi”.
Keçmiş xarici işlər naziri Rusiyanın NATO-nun genişlənməsini qəbul etmədiyini də diqqətə çatdırıb. “Moskva yeni təhlükəsizlik çağırışları reallığı ilə razılaşa bilmir. Ancaq NATO udacaq. Gürcüstan və Ukrayna NATO-ya üzv olacaq. Çünki Qafqaz Avropanın təhlükəsizliyinin vacib hissəsidir. Qafqaz regionun təhlükəsizlik məsələsinin vacib və təxirəsalınmaz məsələsidir”.
O hesab edir ki, Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməli və yaxın perspektivdə üzvlüyə çalışmamalıdır. “Azərbaycanın mühüm perspektivləri var.

XS
SM
MD
LG