Accessibility links

İlham Şaban: Nabucco layihəsində infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması başlanmalıdır


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Amerikanın səsi" radiosuna müsahibə verib. Müsahibədə Rusiya-Ukrayna "qaz münaqişəsi", Avropanın gələcək qaz təchizatı, Nabucco layihəsi diqqət mərkəzində olub.

Sual: Avropa Birliyinə sədrlik edən Çexiyanın baş naziri Xəzər qazını Avropaya çatdıracaq kəmərin tikintisini Avropanın ali prioriteti adlandırıb. Bu bəyanat nə qədər realdır?

Cavab: Bu, bir qədər gecikmiş bəyanatdır. Ona görə ki, bu gün Avropa Birliyi üzv ölkələrə 120 günlük qaz və neft ehtiyatı yaratmaq barədə müraciət edib. Bütün bunlar ona dəlalət edir ki, Avropa qış mövsümündə yaşanan çətinliklərlə bir daha qarşılaşmaq istəmir. Vəziyyətdən iki çıxış yolu var. Birincisi, yeraltı qaz anbarları tikilməli, ikincisi Rusiya qazına alternativ qaz kəmərindən istifadə etmək. Rusiya qazına alternativ isə Azərbaycan qazıdır. Həcmi böyük olmasa da Azərbaycan qazı ilkin dövr üçün ən əlyetərli və etibarlı alternativdir. Bundan sonra, Xəzərin sağ sahilindəki Qazaxıstan və Türkmənistanın ehtiyatlarında istifadə etmək olar. Beləliklə, bu layihənin həyata keçirilməsi Avropa Birliyinin enerji təchizatının stabilləşdirilməsində uğurlu addım olacaq.

Sual: Fikrinizcə hazırkı qaz böhranından sonra Avropa Birliyi Nabucco layihəsinin maliyyələşdirilməsi üçün maliyyə mənbələri tapa biləcəkmi? Hazırda dünyada da iqtisadi böhran tüğyan edir.

Cavab: Nabucco layihəsinin iştirakçısı olan beş ölkə daim kəmərin tikintisi üçün maliyyə problemi olmayacağını bəyan edib. Layihədə yeganə problem qazın mənbəyi olub. Nabucco layihəsi üçün beş mənbə seçilmişdi - Misir, İraq, İran, Türkmənistan və Azərbaycan. Bütün resurslar təhlil edildikdən sonra Avropa Birliyi hələ ki, Azərbaycanın üzərində dayanıb. Bu baxımdan Azərbaycan şelfində dərin qatlardan tapılan yeni qaz layları imkan verir ki, Nabucco layihəsinin birinci mərhələsini Azərbaycan həyata keçirsin. Bu halda infrastrukturun yaradılması və alıcılarla müqavilə imzalanması mərhələsi başlamalıdır.

Maliyyə məsələlərində də problem olacağı gözlənilmir. Çünki ötən illə müqaisədə metalın və xidmətin qiymətləri kəskin aşağı düşüb.

Sual: Gürcüstandakı avqust böhranı bir daha sübut etdi ki, regiondakı strateji layihələr o qədər də təhlükəsiz deyil. Bu layihənin reallaşması fonunda Avropa Birliyi Azərbaycanı Rusiya və İranın təhlükələrindən qoruya biləcəkmi?

Cavab: 2008-ci ilin avqust böhranı nəinki region dövlətləri üçün, o cümlədən qərb üçün dərs olmalıdır. Bu göstərdi ki, regionda risklər, əsasən də hərbi-siyasi risklər nə qədər böyükdür. Buna görə də, həm iqtisadi, həm də diplomatik cəbhədə işlər o səviyyədə aparılmalıdır ki, bir-birinə antoqonis təşkil etməsin. Rusiya baş naziri Vladimir Putin bu günlərdə Almaniyaya səfəri zamanı elan etdi ki, Rusiya Nabucco layihəsinə alternativ kimi baxmır, təki stabil nəql edilən layihələr olsun. Təbii ki, Rusiya öz maraqlarını güdür. İlk növbədə, şimal və cənub axını layihələrini və Avropa Birliyi bu layihələrə dəstək verməklə Rusiyanın loyal münasibətini qazana bilər.


XS
SM
MD
LG