Accessibility links

Azərbaycan prezidenti altı aylıq sosial-iqtisadi inkişafın yekunlarını müsbət qiymətləndirib


Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısı ilin birinci yarısında ümumdaxili məhsulun 35 faiz, sənayedə 35, kənd təsərrüfatında 5 faiz artıma nail olunduğunu deyib. «Son altı ayda əhalinin pul gəlirləri 37 faiz, əmək haqları isə 26 faiz artıb». Cənab Əliyevin sözlərinə görə, 2003-cü ilin oktyabrından indiyədək 572 min, o cümlədən 405 min daimi yeni iş yeri açılıb, ötən altı ayda inflyasiya 16 faiz təşkil edib. Dövlət başçısı valyuta ehtiyatının 5 milyard 100 milyon dolları ötdüyünü və Azərbaycanın tezliklə Avropa İttifaqı bazarlarına enerji daşıyıcılarını birbaşa çıxaracağını deyib.

Azərbaycanın keçmiş baş naziri Əli Məsimov isə «Amerikanın səsi» radiosuna ölkədə iqtisadi inkişafla yanaşı, çoxsaylı problemlərin qaldığını bildirib. Onun sözlərinə görə, əsas problemlər iqtisadiyyatın hərtərəfli inkişaf etməməsi, infilyasiya, əhalinin sosial vəziyyətinin aşağı olması və inhisarçılığın yüksək səviyyədə qalmasıdır. O, manatın kursunun möhkəmlənməsini də ciddi təhlükə hesab edir. Keçmiş baş nazir hökumətin inhisarçılığa qarşı kəskin mübarizə metodlarını gücləndirməsini də vacib sayır.

XS
SM
MD
LG