Accessibility links

Azərbaycanda İrandan gətirilmiş 41 kiloqram narkotik tutulub


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə, buradan isə Avropaya ötürülməsi nəzərdə tutulan 41 kiloqram 274 qram narkotik vasitə olan yüksək keyfiyyətli heroini aşkar edərək götürüb.

Milli Təhlükəsizlik nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, Türkiyə vətəndaşları Çengiz Çeftçi, Mehmet Balıqçıoğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu İrandan Azərbaycan ərazisinə gətiribr. “Cengiz Çeftçi idarə etdiyi «VOLVO» markalı yük avtomobilinə rəsmi olaraq Qazaxıstan aparmaq üçün tikinti materialları yükləyib və İran ərazisinə keçib. Cengiz Çeftçi İran ərazisinə keçməzdən əvvəl, nəqliyyat vasitəsinin əsl sahibi Mehmet Balıqçıoğlu ona avtomobildəki gizli saxlanc yerini göstərib və İranın Təbriz şəhərində qəbul edəcəyi narkotikləri orada gizlətməsini tapşırıb. Mehmet Balıqçıoğlu həmin narkotik vasitələri Azərbaycan ərazisinə aparmağı, buradan isə bərə ilə Qazaxıstana keçərək rəsmi yükü boşaltdıqdan sonra narkotikləri telefonla deyəcəyi şəxsə vermək barədə Cengiz Çeftçini təlimatlandırıb. Cengiz Çeftçi Türkiyədən İran ərazisinə keçəndən sonra Təbriz şəhərində hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə görüşüb onun verdiyi narkotiki təhvil alaraq, avtomobilin gizli saxlanc yerində gizlədib. 2008-ci il iyunun 19-da Cengiz Çeftçi narkotik vasitəni Azərbaycana gətirib. «Astara» gömrük keçid məntəqəsi ərazisində Milli Təhlükəsizlik nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Cengiz Çeftçinin idarə etdiyi yük avtomobili saxlanılıb, baxış zamanı avtomobilin gizli saxlanc yerindən ümumi çəkisi 41 kq 274 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb”-deyə məlumatda qeyd olunur.

Faktla bağlı cinayət işi başlanılıb, Çeftçi Cengiz barəsində həbs-qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG