Accessibility links

İraqda hərbi qulluq keçmiş Azərbaycan hərbiçilərinə mükafatlar təqdim edilib


İraqda hərbi xidmət müddəti başa çatmış 91 nəfər Azərbaycan sülhməramlısı ilə görüş keçirilib. Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi iştirak edib. Bu barədə AzərTAC Agentliyi məlumat yayıb. İraqdakı ABŞ komandanlığı tərəfindən fəxri fərmanlara layiq görülmüş 16 hərbi qulluqçuya fəxri fərmanlar, 3 zabitə isə “ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” təqdim edilib. Azərbaycan Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsinin rəisi Vaqif Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin İraqdakı sülhməramlı bölüyünün ABŞ Silahlı Qüvvələri kontingentinin tərkibində xidmət keçməsini Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə əyani sübutu adlandırıb. “İraqdan qayıtmış Azərbaycan əsgər və zabitlərinə ABŞ-ın mükafatlarının təqdim edilməsi bunu bir daha təsdiq edir. Azərbaycanın İraqda xidmət keçmiş şəxsi heyətini mükafatlandırdığına görə ABŞ Silahlı Qüvvələrinin Ali Komandanlığına təşəkkür edirəm”. Səfir Enn Dersi İraqda xidmətə və qlobal terrorçuluqla mübarizədə böyük köməyə görə Azərbaycan sülhməramlılarına Birləşmiş Ştatlar adından minnətdarlığını bildirib. “İraqda xidmətini başa çatdırmış hərbçilərimizin terrorla mübarizəyə töhfəsini yüksək qiymətləndiririk. Dəniz piyadalarının təhlükəsizliyinin qorunmasında Azərbaycan sülhməramlılarının böyük rolu olmasından xəbərdaram. Hərbçilərin Hadisa su bəndinin mühafizəsində xüsusi xidməti var”. Xanım Dersi bildirib ki, ABŞ dəniz piyadaları bu çətin missiyada sizinlə yaxın əməkdaşlığı, Azərbaycan sülhməramlılarının peşəkarlığını, koalisiyanın İraqda missiyasını müvəffəqiyyətlə başa çatdırması istiqamətində səylərini yüksək qiymətləndirir. ”Sizin İraqda xidmətiniz Vətəniniz Azərbaycana böyük şərəf gətirir”.
XS
SM
MD
LG