Accessibility links

Türkmənistan Xəzərin bölgüsü ilə bağlı ikinci bəyanat yayıb


Avqustun 4-də Türkmənistan Xarici İşlər nazirliyi Xəzərlə bağlı ikinci bəyanatla çıxış edib. Bəyanatda Xəzərin dibinin və təkinin bölünməsi məsələləri üzrə Türkmənistanın mövqeyi əksini tapıb.
Aşqabad 1958-ci ildə Cenevrədə qəbul edilmiş kontinental şelf haqqında Konvensiyaya istinad edərək dənizi orta xətt üzrə, “xüsusi hallar nəzərə alınmadan” bölünməsini istəyir. Buna əsaslanaraq, Türkmənistan Xəzərdə birtərəfli fəaliyyəti, o cümlədən dənizdə neft hasilatı aparılmasını qəbuledilməz sayır. Hesab edir ki, “xüsusi hallar” dəniz sərhədlərinin bölünməsi və orta xəttin çəkilməsində ədalətlilik prinsipinin həyata keçirilməsinə mənfi təsir edir.
”Türkmənistan və Azərbaycan arasında problemin həlli zamanı “Xəzərin dibinin və təkinin bölünməsi Abşeron yarımadasının və Cilov adasının təsiri nəzərə alınmadan həyata keçirilməlidir. Bu ada və yarımada beynəlxalq dəniz hüququna əsasən, “xüsusi haldır” və deməli, orta xəttin çəkilməsi zamanı nəzərə alınmamalıdır”, - deyə bəyanatda bildirilir.
Politoloq Rasim Musabəyov Türkmənistanın bəyanatının hüquqi əsası olmadığını bildirib. Onun dediyinə görə, Azərbaycan Xəzərdəki Kəpəz yatağının bərabər işlənməsini təklif edib, Türkmənistan isə yatağın 75 faizinə iddia edirdi. “Hazırda Türkmənistan tərəfin nə istədiyi ümumiyyətlə məlum olmur. Yaxşı olar ki, hər iki tərəf danışıqlar vasitəsi ilə razılığa nail olsun. Bu baş tutmadıqda isə tərəflər birgə Beynəlxalq Arbitraj məhkəməsinə müraciət etsin. Çünki Kəpəz yatağının üçdə ikisi Azərbaycanın payına düşür. Əslində Türkmənistan yatağın bərabər istismarı ilə bağlı Azərbaycanın təklifini güzəşt kimi başa düşməlidir”, - deyə politoloq qeyd edib.

XS
SM
MD
LG