Accessibility links

Azərbaycanda qəzet redaktoru terrorçuluqla hədələmədə ittiham olunur


Milli Təhlükəsizlik Nazirliyi "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin redaktoruna qarşı Cinayət Məcəlləsinin terrorçuluq və milli, irqi və dini düşmənçiliyin salınması maddələrilə ittiham irəli sürüb. Bu barədə «Amerikanın səsi» radiosuna Eynulla Fətullayevin vəkili İsaxan Aşurov bildirib. Vəkil «Turan» agentliyinə müsahibəsində isə hər iki ittihamı əsassız adlandırıb. «İttihamlar İranın Azərbaycana mümkün raket zərbələrindən və hakimiyyətin Azərbaycanın cənub regionlarındakı kadr siyasətindən bəhs edən məqalələr əsasında irəli sürülüb». Öz növbəsində, Milli Təhlükəsizlik nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev istintaq sirri olduğunudan ittihamlarla bağlı hər hansı məlumat verməyib.

Cənab Fətullayev bu il aprelin 20-də böhtan ittihamı ilə iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Mayın 16-da Milli Təhlükəsizlik nazirliyi "terrorçuluq" faktı üzrə cinayət işi başlayıb. Eyni zamanda, «Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin redaksiyasında, Eynulla Fətullayevin yaşadığı evdə axtarış aparılıb. Qəzetin redaksiyasındakı iyrimidən çox komputer istintaq tərəfindən götürülüb. Bundan sonra hər iki qəzet çapını dayandırdığını elan edib. Bu gün isə "Gündəlik Azərbaycan" qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu və şöbə redaktoru Üzeyir Cəfərov istintaq tərəfindən şahid qismində dindirilib. Cənab Çobanoğlu «Amerikanın səsi» radisouna bildirib ki, ondan qəzetin fəaliyyəti və ittiham üçün əsas kimi götürülmüş «Əliyevlər müharibəyə gedir» məqaləsi ilə bağlı soruşublar. Şef redaktor ittihamları əsassız və absurd adlandırır. Onun sözlərinə görə, cənab Fətullayev ilk məhkəmə qərarında kosmopolitiklikdə, indi isə milli ədavəti qızışdırmaqda günahlandırılır.

XS
SM
MD
LG