Accessibility links

Bakıda İslam Konfransı Təşkilatı turizm nazirlərinin beşinci toplantısı keçirilir


Bakıda İslam Konfransı Təşkilatının turizm nazirlərinin beşinci toplantısı keçirilir. Toplantıda üzv ölkələr arasında turizm əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunur.

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın islam dünyası ilə əlaqələrin inkişafında maraqlı və islam ölkələri ilə yaxşı siyasi münasibətlərə malik olduğunu bildirib. O hökumətin turizmə böyük diqqət ayırdığını deyib. Cənab Əliyevin sözlərinə görə, Azərbaycanda 9 iqlim zonası və 800 kilometr sahil zolağı var.

Cənab Əliyev Ermənistan-Azərbaycan münaqişəsini regionda ən böyük təhlükə mənbəyi adlandırıb. Onun dediynə görə, BMT-nin Ermənistanın işğal etdiyi torpaqları qeyd şərtsiz boşaltması haqqında dörd qətnaməsi, Avropa Şurasının qətnaməsi və İKT-nin Ermənistanın işğalçılığı barədə qətnamələri yerinə yetirilmir.

Dövlət başçısı ABŞ-dakı terror hücumunun 5-ci ildönümü olduğunu xatırladıb. Onun sözlərinə görə, Azərbaycan da 32 terror aktına məruz qalıb və iki mindən çox insanını itirib.

İKT-nin baş katibi Ekmeleddin İhsanoğlu təşkilata üzv dövlətlər arasında ticarət dövriyyəsinin 2015-ci ilədək 20 faizədək artırılmasının nəzərdə tutulduğunu deyib. "Turizm sahəsində əməkdlaşlığın inkişafı və möhkəmlənməsi iqtisadi və ticari əlaqələrin genişlənməsi üçün çox vacibdir. Türkiyə və Malayziya artıq turizm sahəsində Avropa ölkələri ilə rəqabət aparır. Livanın turizmi obyektləri isə ciddi zərbə alıb. 2007-ci il iyulunda Beyrutda İKT ölkələrinin turizm sərgisi keçiriləcək».

Cənab İhsanoğlu Azərbaycanın böyük turizmi potensialı olduğunu da yada salıb. "Bu ölkənin təbii sərvətləri ilə bərabər gözəl dağları, çayları, qədim tarixi, flora və faunası var. Azərbaycan islam dünyasının rəmzidir".

Ümumdünya Turizm Təşkilatının baş katibi Françesko Frangialli bildirib ki, son beş ildə beynəlxalq turizm çətin və qeyri-müəyyən şəraitdə inkişaf edir. "Terrorizm, münaqişələr, fəlakətlər, xəstəliklər turizm sənayesində yan keçmir. Bununla yanaşı, turizmə böyük meyl qalmaqdadır. Yaxın Şərq, Asiyanın şərqində və cənubunda, Livan və Fələstin hadisələri, Məhəmməd peyğəmbərin karikaturasının dərci dünyada mövcud qərəzli münasibətləri bir daha sübut edir. 2005-ci ildə dünyada 800 milyon turist olub. Bunun 109 milyonu İKT ölkələrinin payına düşür. İKT-nin 6 ölkəsinin isə hər biri 5 mln turist qəbul edib."

Cənab Frangiallinin sözlərinə görə, bu il turistlərin sayının 4,9 faizədək artacağı gözlənilir. O bu sahədə təhlükələrdən də danışıb. "Terror hücumları əsasən təyyarələri, limanları, turist obyektlərini hədəf seçir. Xam neftin qiymətinin sürətlə artması da turizm sənayesi sahəsində problemlər yaradır. Bu il Livanın turizm sənayesi də ciddi ziyan çəkib. Biz bu il Beyrutda regional komissiyanın iclasını keçirəcəyik".

Baş katib bir sıra islam dövlətlərini turizmi sənayesinə açılan ulduz adlandırıb."Turizm Azərbaycanın qarşısında da yeni üfiqdir. Bu həm də yeni iş yerləridir. Biz Azərbaycanın turizmi təşəbbüslərini dəstəkləyir və bu sahədə kömək etməyə hazırıq".

XS
SM
MD
LG