Accessibility links

«Azadlıq» qəzetinin müxbiri fiziki zorakılığa məruz qalıb


Beynəlxalq təşkilatların etirazlarına, rəsmi hakimiyyətin bəyanatlarına baxmayraq Azərbaycanda müxalif fikirli jurnalistlərə qarşı fiziki zorakılıq halları davam etməkdədir. Belə ki, bu gün müxalif yönümlü "Azadlıq" qəzetinin müxbiri Nicat Dağlar evinidən çıxarkən idman cüssəli bir neçə nəfər mülki geyimli şəxs tərəfindən fiziki zorakılığa məruz qalıb. Müxbir çoxsaylı zərbələr aldıqdan sonra bıçaqla vurulub. Bıçaq Nicat Dağların gödəkcəsini kəsib keçsə də qarın nahiyyəsini deşməyib, ancaq şıram açıb. Hazırda jurnalist Bakı Klinik Tibbi Mərkəzinə yerləşdirilib. Tibbi mərkəzin növbətçi həkimi Ayaz Yaqubov ilkin müayinədən sonra jurnalistin həyatına təhlükə olmadığını bildirib. Faktla bağlı polis araşdırmalara başlayıb. Nəsimi rayon Polis idarəsinin 19-cu polis bölməsinin müstəntiqi Elnur İsgəndərov basqın nəticəsində jurnalistin ciddi xəsarət aldığını bildirir. Xəstəxanada jurnalistə Mətbuat Şurasının sədri Əflatun Amaşov da baş çəkib. O «Amernikanın səsi» radiosuna müsahibəsində son zamanlar mətbuat işçilərinə qarşı həyata keçirilən fiziki zorakılıqları pisləyib. Dünən isə müxalifətdə olan Azərbaycan Milli İstiqlal partiyasının mətbuat katibi Əli Orucov beş nəfər mülki geyimli şəxsin hücumuna məruz qalıb. O da evinin yaxınlığında idman cüssəlilərlə üzbəüz gəlıb. Mətbuat katibi basqını siyasi təzyiq kimi qiymətləndirir və öz məqalələri ilə bağlı olduğunu güman edir.
XS
SM
MD
LG