Accessibility links

Klaudio Bizonyero: Azərbaycan NATO-nun çox mühüm partnyorudur


NATO Baş katibinin müavini Azərbaycanda səfərdədir. O bu gün Müdafiə, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Xarici İşlər nazirləri və Milli Məclisin sədr müavini ilə görüşlər keçirib.

Cənab Bizonyero səfərinin yekunlarını faydalı adlandırıb. O Azərbaycana üç mesajla gəldiyini bildirib. “Azərbaycan NATO-nun çox mühüm partnyorudur. NATO Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir, NATO Azərbaycanda islahatları, o cümlədən müdafiə sistemindəki islahatları dəstəkləyir, NATO bundan sonra da Azərbaycandakı islahatları dəstəkləyəcək”.

Baş katibin müavini danışıqlar zamanı hərbi, mülki və elmi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə mövzusu olduğunu deyib. “Azərbaycanla NATO müdafiə və təhlükəsizlik məsələləri də daxil olmaqla uğurlu əməkdaşlıq edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması, mülki fövqəladə planlaşdırma və elmi sahədə müzakirələr aparırıq. Azərbaycan NATO-nun sülhyaratma əməliyyatlarında fəal iştirak edir. Biz Azərbaycanı Əfqanıstanda sabitliyin yaranmasına verdiyi töhfələrə görə və sülhməramlı kontingentinin sayının artırılması barədə qərarını təqdir edirik”.

Cənab Bizonyero Ukrayna və Gürcüstanın NATO-ya qəbulu məsələsi ilə başlı alyansın mövqeyinin aydın olduğunu diqqətə çatdırıb. “Bu ilin aprelində Buxarest sammitində Ukrayna və Gürcüstanın gələcəkdə Alyansa üzv olacağı barədə qərar qəbul edilib. Lakin onlar öhdəlikləri yerinə yetirmək üçün hələ çox işlər görməlidir. NATO Xarici İşlər Şurasının iclasında isə NATO-Ukrayna və NATO-Gürcüstan komitələri çərçivəsində əməkdaşlığı davam etdirmək qərara alınıb”.

NATO-nun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında mümkün rolu barədə suala cavabda o bildirib ki, münaqişənin sülh yolu ilə həlli həm münaqişə tərəflərinin, həm də NATO-nun maraqlarına cavab verir. “NATO ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və son vaxtlar danışıqlar prosesində baş verən irəliləyişləri alqışlayır. Biz NATO-nun münaqişənin həllində hansısa xüsusi rolunu görmürük və sülh yolu ilə həll prosesini dəstəkləyirik”- deyə o qeyd edib.

Öz növbəsində ,Azərbaycan-Atlantik Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər Azərbaycan-NATO tərəfdaşlığının üzvlük üçün müraciət mərhələsinə daxil olmasını vacib sayır. Onun fikrincə, Azərbaycan iqtidarı sadəcə NATO ilə əməkdaşlığın indiki səviyyədən irəli getməsində maraqlı deyil. Hazırda NATO-Azərbaycan münasibətləri ikinci fərdi tərəfdaşlıq fəaliyyət planı çərçivsindədir.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri daimi komissiyasının üzvü Zahid Oruc isə hesab edir ki, üzvlüyə müraciət mərhələsinə keçmə Azərbaycandan deyil NATO-nun Azərbaycanın təhlükəsizliyinə olacaq münasibəti ilə bağlıdır.

Deputat Azərbaycanın fərdi tərəfdaşlıq planını uğurla yerinə yetirdiyini də diqqətə çatdırıb.


XS
SM
MD
LG