Accessibility links

Bakıda Xəzərin qaz infrastrukturu konfransı keçirilir


Sentyabrın 15-də Bakıda ikigünlük "Xəzərin qaz infrastrukturu -2009" beynəlxalq konfransı işinə başlayacaq. Forumda Avropa İttifaqının Energetika komissarı Andris Pielbalqs, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Qazaxstanın energetika, İranın neft nazirinin müavinləri iştirak edəcək.
Reportyor İnformasiya Agentliyinin məlumatına görə, konfransda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev “Xəzərin qaz sənayesinin potensialının inkişafı”, Avropa İttifaqının Energetika Komissari Andris Piebalqs "Xəzər qazı Avropanın uzunmüddətli enerji təhlükəsizliyinin açarı kimi" mövzusunda məruzə edəcək.
ExxonMobil-in qlobal bazarın qanunvericilik və hüquq məsələləri üzrə meneceri Vilson Kruk qlobal qaz bazarının islahatı və onun Xəzər regionuna təsiri məsələsinə toxunacaq. Qazaxıstan energetika və mineral ehtiyatlar nazirinin birinci müavini Ləzzət Kiinov Xəzər və Qafqaz regionunda siyasət məsələsi ilə bağlı fikirlərini bölüşəcək.
Konfransın birinci günü həmçinin "Xəzər qazının ixracına imkan verəcək hökumətlərarası əməkdaşlıq" mövzusunda diskussiya keçiriləcək.

XS
SM
MD
LG