Accessibility links

Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı 60 şikayət kommunikasiya mərhələsindədir


Bakıda “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan məhkəmə təcrübəsində tətbiqi” mövzusunda konfrans keçirilib. Avropa Şurasının 60 illiyinə həsr olunmuş tədbir Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası, Ümumi Məhkəmə Hakimləri Assosiasiyası tərəfindən təşkil edilib və Avropa İnsan Haqları Məhkəməsində islahatlar, bu məhkəmənin qərarlarının Azərbaycan məhkəmə təcrübəsində istifadəsi ilə bağlı müzakirələr aparılıb.
Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri Ələddin Cəfərov Azərbaycan prezidentinin fərmanına uyğun olaraq, Azərbaycanda Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı islahatlar həyata keçirildiyini bildirib. “Artıq Azərbaycan məhkəmə sistemi köklü şəkildə dəyişib. Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır və Azərbaycan məhkəmələri bu məhkəmənin qərarlarına istinad edir. Məhkəmələrə insanların müraciəti asanlaşdırılıb və məhkəmələrin qərarlarında insan hüquq və azadlıqları, bir qayda olaraq, nəzərə alınır”.
Avropa Şurası Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek Avropa Məhkəməsindəki islahatlar prosesindən danışıb. Onun dediyinə görə, bu il mayın 12-də Avropa İnsan Haqları Konvensiyasına 14-cü protokol qəbul edilib. Konvensiya əsasən Avropa Məhkəməsinə şikayətlərin qəbulu və təkrar baxışla bağlı məsələləri əhatə edir. “Protokol mayın 27-dən üzv dövlətlər üçün açıqdır. Üç dövlət sənədi ratifikasiya etdikdən sonra o, qüvvəyə minəcək və digər dövlətlər də ona qoşula biləcək. Ümid edirik ki, Azərbaycan protokola ilk qoşulan dövlətlərdən olacaq”.
Xüsusi nümayəndə həmçinin son illər Avropa Məhkəməsinə şikayətlərin sayının artdığını bildirib. “Bu, Avropa Məhkəməsinin ədalətliliyinə olan etibardan xəbər verir. Üzv ölkələrin məhkəmələri də ədalətin bərpası üçün Avropa Məhkəməsindən istifadə etməlidir”.
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, Avropa Məhkəməsi Azərbaycana 127 iş üzrə sorğu və kommunikasiya göndərib. Hazırda bu işlər üzrə kommunikasiya aparılır və 40 şikayət üzrə yekun qərar qəbul edilib. “Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarlarının 16-da insan haqlarının, 1-də isə ifadə azadlığının pozulması müəyyən edilib. Qərarların 5-i birləşmə hüququ, yəni qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmaması ilə bağlı idi. Qərarlarda qeyd edilən problemlər 2004-cü ildə artıq aradan qaldırlılb. 24 iş isə Avropa Məhkəməsi tərəfindən rədd edilib”.
Onun dediyinə görə, hazırda Azərbaycandan olan 60 şikayət kommunikasiyadadır. “Bu işlərin 20-si seçki hüququnun, 22-si məcburi köçkünlərin vətəndaşların evlərini tutması barədə məhkəmə qərarlarının yerinə yetirilməməsi ilə bağlıdır. Ümumilikdə, Bakı və Sumqayıtda 6 min halda məcburi köçkünlər vətəndaşların evini tutub. Bu problem də həllini tapmaqdadır”.
Cənab Əsgərov bildirib ki, Azərbaycanda olan məcburi köçkünlər və qaçqınlar tərəfindən Ermənistan hökumətinə qarşı mindən çox şikayət göndərilib. “Bu proses indi də davam edir. Yalnız bir şikayət üzrə, 6 məcburi köçkünün qrup halında olan bir şikayəti üzrə hazırda icraat aparılır”.
Səlahiyyətli nümayəndə 2003-cü ildən başlayaraq Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin stabilləşdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, hər il məhkəməyə orta hesabla 500 şikayət daxil olur.

XS
SM
MD
LG