Accessibility links

Azərbaycan BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasına qoşulub


Bu gün BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyası qüvvəyə minib. Konvensiya 2003-cü il dekabrın 9-da dövlətlər üçün açıq elan edilib. İlk olaraq 134, sonra isə 30 dövlət sənədə qoşulub. Azərbaycan da bu dövlətlər arasındadır.

Şəffaflıq-Azərbaycan Təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, konvensiyaya qoşulmaqla Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə üzərinə bir sıra öhdəliklər götürüb. Onun sözlərinə görə, hökumət qanunvericilik sahəsində bəzi işlər görsə də, praktik işləri o qədər də nəzərə çarpmır. Xanım Səfərəliyevanın dediyinə görə, ötən illə müqaisədə Azərbaycanda korrupsiya indeksi cəmi üç bənd müsbətə doğru dəyişib, ancaq o bunu heç də müsbət dönüş kimi qiymətləndirmir. Şəffaflıq-Azərbaycan təşkilatının fikrincə, ölkədə qəbul edilmiş qanunlarla korrupsiyaya qarşı mübarizə aparmaq mümkündür. Ancaq qanunların icrası buna imkan vermir. Xanım Səfərəliyeva hesab edir ki, korrupsiyanın səviyyəsini azaltmaq üçün inhisarçılığa qarşı mübarizə aparılmalıdır. Onun fikrincə, bu sahədə siyasi iradə nümayiş etdirilsə də inhsiarçılığın səviyyəsi yenə də yüksək olaraq qalır. Rəna Səfərəliyeva düşünür ki, korrupsiyanın səviyyəsini aşağı salmaq üçün yüksək vəzifəli dövlət məmurlarının gəlirləri ictimaiyyətə açıq elan edilməli və onların biznesə çıxışının qarşısı alınmalıdır. Şəffaflıq-Azərbaycan təşkilatının icraçı direktoru bildirib ki, MDB məkanında ən çox yayılmış korrupsiya iri firmaların rüşvətlə özləri üçün üstün mühüit yaratması və biznesin məmurlar tərəfindən zəbtidir. Xanım Səfərəliyeva Azərbaycanın korrupsiya ilə mübarizə üzrə Dövlət Komisiyasının fəaliyyətinə də toxunub.Onun fikrincə, bu qurum yalnız xarici təşkilatlar üçün açıqdır.

XS
SM
MD
LG