Accessibility links

Azərbaycan korrupsiyanın səviyyəsinə görə 158-cidir   


Bu gün Transparency International Təşkilatı dövlətlərin korrupsiya səviyyəsi haqda illik hesabatını açıqlayıb. Hesabat dünyanın 180 ölkəsini əhatə edir. Korrupsiya səviyyəsi Korrupsiyanın Qavranması İndeksi əsasında müəyyən edilir. Korrupsiyanın Qavranması İndeksi əsasında müəyyən edilən səviyyə 0-dan 10-a qədər ballıq sistemlə ölçülür. 0 korrupsiyanın ən yüksək, 10 isə ən aşağı səviyyəsini göstərir.

Keçən il olduğu kimi korrupsiya səviyyəsinin ən aşağı olduğu ölkə Danimarka, Yeni Zelandiya və İsveçdir. 9.3 bal toplamış bu ölkələri 9.2 balla Sinqapur izləyir. 180 ölkənin daxil olduğu ümumi cədvələ nəzər salanda ən çox korrupsiyalaşmış ölkənin 1.0 balla Somali olduğunu görürük. Ondan sonra ikinci yeri Birma və İraq bölüşür.

Hesabatın Azərbaycanın da yer aldığı Cənubi Avropa və Mərkəzi Asiya hissəsində deyilir ki, Korrupsiyanın Qavranması İndeksi rüşvətin bu regionda başlıca problem olaraq aldığını göstərir. Belə ki, bu bölmədə yer alan 20 dövlətin hamısı 5-dən aşağı bal toplayıb. Regional siyahıya ən az korrupsiyalaşmış ölkə kimi Türkiyə rəhbərlik edir. Ümumi sıralamada 58-ci yerdə olan ölkə 4.6 bal toplayıb. Azərbaycan 1.7 balla 158-ci yerdədir. Bu isə ölkənin keçən illə nisbətdə gerilədiyini göstərir. Keçən il açıqlanan hesabatda Azərbaycan 1.9 balla 150-ci yeri tutmuşdu. Ən çox geriləmələrdən biri Rusiyada müşahidə edilib. 147-ci yer. Post sovet – ölkələri arasında Azərbaycandan geri qalan yalnız 3 dövlət var. Türkmənistan, Qırğızıstan və Özbəkistan 166-cı yeri bölüşürlər. Qonşu Gürcüstan və Ermənistan Azərbaycandan xeyli irəlidədir. Belə ki, bu ölkələr müvafiq olaraq 67 və 109-cu yerləri tutub.

Hesabatda Gürcüstan və Türkiyənin korrupsiya səviyyəsini kifayət qədər azaltdığı təqdirdə, Rusiya və Ukraynada bunun əksi müşahidə olunub. Sənəddə yazılır: “Gürcüstan 2007-ci ildə 3.4 ballıq göstəricisi yaxşılaşdıraraq 3.9-a çatdırıb. Bu isə, hazırkı administrasiyanın bu sahədə həyata keçirdiyi cəhdlərin effektivliyinin göstəricisidir.”

Hesabatda deyilir ki, dünya boyu rüşvət və qohumbazlıq yoxsulluğa qarşı mübarizəni əngəlləyir. Bu gün açıqladığı hesabatda Berlində qərargahlanan Transparency International bildirdiyinə görə, nəzarətdə olmayan korrupsiya içməli su və sanitariya xərclərini 50 milyard dollar artıra bilər. Təşkilatın sədri Huquet Label deyir ki, korrupsiyanın miqyası onu humanitar fəlakətə çevirib: “Korrupsiyaya qarşı mübarizə parlament, hüquq-mühafizə orqanları, KİV və güclü vətəndaş cəmiyyələri tərəfindən ciddi nəzarət tələb edir”. Huquet Label deyir ki, bu institutlar güclü olmadığı təqdirdə korrupsiya nəzarətdən çıxır və bu da mülki vətəndaşlar üçün dəhşətli nəticələrə gətirib çıxarır.

Təşkilatın hesabatı Azərbaycanda birmənalı qarşılanmır. Belə ki, rəsmi hakimiyyət korrupsiyaya qarşı mübarizə sahəsində ciddi iş aparıldığını bildirir. Onların fikrincə, bu sahədə dövlət proqramı həyata keçirilir, qanunvericilik bazası yaradılıb, inzibati metodlarla mübarizə aparılır, maarifləndirmə işləri davam etdirilir. İqtidarda olan “Yeni Azərbaycan” partiyasının üzvü, iqtisad elmləri doktoru Səttar Səfərov hesab edir ki, korrupsiyaya qarşı mübarizə inhisarçılığa qarşı mübarizədən keçir. Ölkədə inhisarçılığın səviyyəsi aşağı salınarsa korrupsiya da azalar.

Onun dediyinə görə, beynəlxalq praktikada ABŞ-ın Şerman qanunu inhisarçılığın arşısının alınmasında model qanun kimi qəbul edilir. Bu qanuna görə, inhisarçıları on ilədək həbs gözləyir və belə metodlar Azərbaycanda da tətbiq edilməlidir.

Azərbaycanda korrupsiyaya qarşı inzibati metodlarla da mübarizə var. Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsi fəaliyyət göstərir. Bu idarə hazırda əllidən çox cinayət işinin istintağını aparır. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev hesab edir ki, təşkilatın hesabatı reallığı əks etdirmir və qərəzlidir.

Müxalifətdə olan siyasi partiyalar hesabatın reallığı tam əks etdirdiyini deyir. AXCP sədri Əli Kərimlinin fikrincə, Azərbaycanda məmur korrupsiyaya uğramasa vəzifəsini saxlaya bilməz.

Müstəqil ekspertlər də hesabatı doğru sayır. Onlar hesab edir ki, əvvəlki dövrlərə nisbətdə korrupsiyanın səviyyəsi genişlənməkdədir. Belə ki, neft gəlirləri artdıqca, korrupsiya da artır. İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Qubad İbadoğlunun dediyinə görə, hökumətin bu istiqamətdə apardığı tədbirlər effekt vermir.

XS
SM
MD
LG