Accessibility links

Azərbaycan Demokratik Cümhuriyyətinin banisinin anadan olmasının 122-ci ildönümüdür


Bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 122-ci ildönümüdür. 1918-ci ildə şərqdə ilk demokratik dövlət-Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü rəsmi qeyd edilməsə də, ictimaiyyətin çoxsaylı nümayəndələri və yaradıcısı olduğu Müsavat partiyasının fəalları onun anadan olduğu Nofxanı kəndindəki yeganə heykəlini ziyarət edib. Müsavat partiyasının başqanı İsa Qəmbər bildirib ki, Məhəmməd Əmin Rəsulzadə təkcə Azərbaycana deyil, dünyaya şərəf gətirən insandır. Onun sözlərinə görə, Rəsulzadə yolunu tutanlar sonda qalib olacaq. Müsavat başqanı Məhəmməd Əmin Rəsulzadənin bayrağı altında oturan hazırki hakimiyyətin onun irsinə qarşı biganə münasibətini də dilə gətirib. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 122-ci illiyi münasibətilə Moskvada da tədbir keçirilib. Tədbir Rusiyada yaşayan azərbaycanlıların "M.Ə.Rəsulzadə cəmiyyəti"nin xəttilə Moskıadakı Millətlər Evində olub. Bakıda isə bir sıra gənclər təşkilatları 15 il öncə dənizkənarı parkda Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulacağı yazılmış xatirə daşının üzərinə gül dəstələri qoyub. Yeri gəlmişkən bildirək ki, hökumət rəhbərlərinin vədlərinə baxmayaraq hələ də paytaxtda Məhəmməd Əmin Rəsulzadənin heykəli ucaldılmayıb. Azərbaycan Demokratik Cümhuriyyətinin banisinə rəsmi hakimiyyətin münasibəti ictimaiyyəti də qane etmir. Bunu «Rəsulzadə irsinə münasibəti necə qiymətləndirirsiniz» sualı ilə keçirdiyim sorğuda iştirak edənlər də təsdiq edib.

XS
SM
MD
LG