Accessibility links

ABŞ Dövlət katibinin müavini Azərbaycanda danışıqlar aparıb


ABŞ Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə müavini Stiven Mənn bu gün Bakıda işgüzar səfərdə olub. Cənab Mənn Xarici İşlər Nazirliyində, Azərbaycan Dövlət Neft Şirkətində danışıqlar aparıb, prezident İlham Əliyev tərəfindən qəbul olunub. AzərTAC agentliyinin məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, enerji sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşdə isə Xəzər hövzəsindən enerji daşıyıcılarının Avropaya nəqlində Azərbaycanın tranzit ölkə kimi rolu haqqında fikir mübadiləsi aparılıb. Xarici İşlər nazirliyinin mətbuat xidməti bildirir ki, cənab Mənn Azərbaycanın enerji siyasətində uğurlu təcrübəsinin digər ölkələr üçün də faydalı olacağını və bu təcrübəni qarşılıqlı şəkildə paylaşmanın vacibliyini vurğulayıb. “Cənubi Qafqaz və Orta Asiya regionunda mövcud olan və nəzərdə tutulan enerji ixracatı marşrutları, boru kəmərlərinin müxtəlifliyi enerji resurslarının diversifikasiyasına, enerji təhlükəsizliyinə xidmət edir”. Tərəflər həmçinin enerji bazarının genişlənməsi, neftin bazarda dominant yer tutmasına baxmayaraq, gələcəkdə mayeləşdirilmiş təbii qazın əhəmiyyətinin artacağını qeyd edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik “Amerikanın səsi” radiosuna dövlət katibinin müavinin Azərbaycandan sonra, Türkiyə və Türkmənistana da səfər edəcəyini bildirib.
XS
SM
MD
LG