Accessibility links

Azərbaycanın seçki qanunvericiliyinə yeni dəyişikliklər edilib


Milli Məclis “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun qəbul edib. Yeni sənəd seçki qanunvericiliyinə çoxsaylı yeniliklər gətirib. Bu, seçki kampaniyasının 120 gündən 75 günə, seçici imzalarının toplanması müddətinin 24 gündən 10 günə, prezidentliyə namizədin qeydə alınması üçün tələb olunan 45 min seçici imzasının 40 minə endirilməsini nəzərdə tutur. Eyni zamanda, qanun namizədin qeydə alınması üçün depozit institutunu ləğv edir, rəsmi mətbuatda reklamı qadağan edir. Bununla yanaşı, yeni qanunda müxalifətin və qərb institutlarının seçki komissiyalarının paritet əsasda təşkili, təşviqat kampaniyasının bərabər əsaslarla aparılması, seçki prosesinin daha da şəffaflaşdırılması, müşahidəçilik institutunun genişləndirilməsi ilə bağlı təklifləri nəzərə alınmayıb. Yeni qanun prezidentliyə namizədliyə iddialıların bir çoxu və müxalifət tərəfindən geriyə doğru addım kimi qiymətləndirilib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov yeni qanunun reallığı əks etdirdiyini bildirib. Onun fikrincə, seçkilərə görə iqtidar məsuliyyət daşıyır və bu səbəbdən də hakimiyyət seçkilərin daha şəffaf şəraitdə keçirilməsində maraqlıdır. Cənab Əsgərov həmçinin seçki komissiyaları paritet əsasla formalaşarsa, müxalifətin seçki kampaniyasını pozacağından ehtiyatlanır. Müxalifətdə olan deputat Pənah Hüseyn yeni qanunu seçki prosesinə zərbə kimi qiymətləndirir. Onun fikrincə, bu qanun seçkiyə indidən “iki qiymət”i yazır. “Müsavat” partiyasının başqanı İsa Qəmbər “Amerikanın səsi” radiosuna iqtidarın müxalifət və beynəlxalq təşkilatların təkliflərini nəzərə almadığını deyib. Onun sözlərinə görə, yeni qanun seçki qanunvericiliyini təkmilləşdirmək əvəzində, daha da mürtəce hala gətirib. Cənab Qəmbər Müsavat partiyasının ötən il seçkilərdə iştirakla bağlı qərarının olduğunu bildirib. O eyni zamanda deyib ki, partiyanın qərarı seçkilərdə iştirak etməməyin müzakirəsini də istisna edilmir. Məhz bu səbəbdən, “Müsavat” partiyası bu gün seçkilərdə iştirak etməməklə bağlı müzakirələrə başlayıb və yaxın zamanda partiya mövqeyinə aydınlıq gətirəcək. Öz növbəsində, “Seçki Monitorinq” Mərkəzinin sərdi Anar Məmmədli yeni qanunda müsbət məqamların olması ilə yanaşı, seçki prosesinin şəffaflığına ciddi mane olacaq müddəaların çox olmasından narahatdır. Cənab Məmmədli seçki komissiyalarının tərkibinə baxılmasının qanunvericilikdə əksini tapmamasını təəssüflə qeyd edir. Onun fikrincə, mövcud seçki komissiyaları yalnız iqtidarın etimadını qazanıb və bu baxımdan tərkibi yeniləşməlidir. Son məlumatlara görə, bu gün ATƏT ölkələrinin Azərbaycandakı səfirləri də yeni qanunu müzakirə edib. Müzakirələrdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da iştirak edib.
XS
SM
MD
LG