Accessibility links

Azərbaycanda mənzil fondunun və kommunal infrastrukturun böyük hissəsi köhnəlib


Azərbaycanda mənzil sektorunun milli icmalını aparmaq üçün beynəlxalq ekspertlər mayın 2-dən 10-dək müvafiq nazirliklərin və dövlət qurumlarının seçilmiş mütəxəssisləri, peşəkarları, habelə beynəlxalq və yerli təşkilatlar, yerli hakimiyyət orqanları və tikinti şirkətləri ilə bir sıra görüşlər və müsahibələr keçirib. Yaxın vaxtlarda nəşr olunan Qırğızıstanın (2008-ci il), Belorusiyanın (2008-ci il) və Gürcüstanın (2007-ci il) icmallarından sonra, bu, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (AİK) tərəfindən hazırlanan on dördüncü milli icmaldır. Azərbaycanın milli icmalı yaxın aylarda nəşr olunacaq. İcmal cari ənənələri təhlil edəcək və ölkədə şəhər planlaşdırmasının və mənzil şəraitinin yaxşılaşdırılması üçün tövsiyə və təkliflər verəcək. Bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının Mənzil təsərrüfatı və torpaqdan istifadə üzrə Komitəsinin məlumatında deyilir.
Xəbərdə deyilir ki, neft və qaz resurslarına söykənən iqtisadiyyatın sürətli inkişafına baxmayaraq, Azərbaycan heç də həmişə şəhərlərin ardıcıl inkişafı ilə məşğul olmayıb. “Çox sürətli iqtisadi artım tikinti sektorunun genişləndirilməsinə təkan verdiyi bir vaxtda ölkədə mövcud olan mənzil fondunun və kommunal infrastrukturun böyük bir hissəsi köhnəlib və problematik vəziyyətdədir”.
Komitə bildirir ki, Azərbaycan münasib mənzillərin, o cümlədən sosial şəraitin olmaması, qanunsuz tikintilər, bəzi rayonlarda və kənd yerlərində pis vəziyyətdə olan mənzil şəraiti, tələblərə cavab verməyən təmir və çoxmənzilli yaşayış binalarının istismarı da daxil olmaqla, bir sıra problemlərlə üzləşib. “Bu təzahürlər hər hansı bir uzunmüddətli plan və ya ərazi-məkan planlaşdırma strategiyası olmadan Bakı şəhərinin mərkəzində tikilərək həndəsi silsilə ilə artan dəbdəbəli binalarla əlaqədardır”.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda Azərbaycanda məkan artımını səmərəli şəkildə dəyişmək, binaların keyfiyyət və təhlükəsizliyini yüksəltmək üçün səylər göstərilir. “Azərbaycan bir sıra abadlaşdırma planlarında iştirak edir, şəhərlərin planlaşdırılması ilə bağlı qanunlar yeniləşdirilir, tikintinin keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verən prosedurlar təkmilləşdirilir, uyğun regional inkişafa dəstək göstərilir və müasir daşınmaz əmlakın qeydiyyat sistemi hazırlanır”.
Mənzil təsərrüfatı və torpaqdan istifadə üzrə Komitə eyni zamanda bildirir ki, başqa ölkələrdə olduğu kimi, dünya maliyyə böhranı Azərbaycanda da alternativ investisiya planlarından və davamlı maliyyələşmə mexanizmlərindən yararlanma imkanlarını məhdudlaşdıraraq, daşınmaz əmlak bazarına öz təsirini göstərib. “Milli icmaldakı təhlil və tövsiyələr, həmçinin, orta gəlirli ailələrə ev almaq imkanı verən dövlət ipoteka proqramına uyğun maliyyələşdirmə sistemlərinin müəyyən olunmasına yönələcək”, - deyə məlumatda qeyd edilir.

XS
SM
MD
LG