Accessibility links

Azərbaycan ərazilərində mina, ABŞ-Azərbaycan hərbi məsləhətləşməsi və İrandan raket təhlükəsi


Azərbaycan Ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlikdə ABŞ səfirinin iştirakı ilə beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsilə mübarizəyə yardım günü qeyd edilib. Milli Agentliyin direktoru Nazim İsmayılov bildirib ki, Azərbaycanda 1800-dən çox mina qurbanı var. Onların 354 nəfəri mina partlaması nəticəsində həlak olub. Direktor hazırda agentliyin 500 nəfərlik şəxsi heyətlə intensiv şəkildə mina və hərbi sursatların təmizlənməsi ilə məşğul olduğunu diqqətə çatdırıb. Cənab İsmayılov Azərbaycanın işğal altında olan ərazilərində çoxsaylı mina və partlamamış sursatların qaldığını deyib. Agentlik on istiqamətdə mina təmizləmə işləri ilə məşğuldur və yalnız bu ərazilərdə 2011-ci ildə təmizləmə işlərini başa çatdıra bilər. Səfir Enn Dersi milli ağentliyin müsbət və şəffaf fəaliyyətini məmnunluqla qeyd edib. Onun sözlərinə görə, minalar və partlamamış sursatlar insanları öldürməkdə və şikəst etməkdə davam edir. Bunlar münaqişənin acı nəticələridir. Xanım Dersi ABŞ-ın Azərbaycan milli agentliyinin təşkilində və mina təmizləmə işlərində yaxından kömək etdiyini bildirib. Səfir “Amerikanın səsi” radiosunun suallarına da cavab verib. Onun sözlərinə görə, tezliklə ABŞ-Azərbaycan hərbi məsləhətləşmələri başlayacaq. Azərbaycan və ABŞ çox güclü dost və tərəfdaşdır. Məsləhətləşmələr də bu çərçivədə aparılır. “Hər il iki ölkə arasında belə məsləhətləşmələr aparılır və Azərbaycanda müdafiə islahatlarının həyata keçirilməsinə yardımları əhatə edir. Amerika Azərbaycanın HATO ilə fərdi tərəfdaşlıq planına çox böyük dəstək verir və Azərbaycan planın birinci mərhələsini yekunlaşdırıb. Biz Azərbaycanın dəniz və quru sərhədlərinin qorunmasında bacarıqlarının artırılmasına da yardım edirik”. O Azərbaycanın Qəbələ RLS-i barədə müzakirələrdən də danışıb. ABŞ-ın məsələnin müsbət həllində maraqlıdır. Səfir bu gün məsələnin Soçidə prezidentlər Corc Buş və Vladimir Putinin görüşündə də diqqət mərkəzində olacağını deyib. “Biz inanırıq ki, İran tərəfindən ABŞ, Avropa və Rusiyaya qarşı təhdidlər və təhlükələr var. İnanırıq ki, birgə işləyib regional çərçivədə bu təhlükəyə qarşı sistem yarada bilərik. Amerikanın Avropada raket əleyhinə müdafiə sistemləri yaratması aylarla uzanan bir prosesdir. Buna görə də biz həm Rusiya, həm də NATO ilə məsləhətləşmələr aparırıq. Qəbələ RLS-lə bağlı təklifimiz də bu kontekstdə gündəmə gəlib. Mən iki detalı nəzərə çatdırmaq istəyirəm: birincisi, ABŞ bu məsələnin müsbət həllində niyyətlidir, ikincisi, stansiya Azərbaycana məxsus olduğundan RLS-ə aid hər hansı proses Azərbaycanla koordinasiyalı həyata keçirilməlidir”-deyə o, qeyd edib.
XS
SM
MD
LG