Accessibility links

Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır”


"Ermənistan-Azərbaycan münaqişəsi birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. BMT Baş Assambleyasının son qətnaməsi Azərbaycanın mövqeyini tam əks etdirir". Bu barədə bu gün Bakıda keçirilən "GUAM dövlətlərinin ərazilərində münaqişələrin həllinin prinsipial əsasları" konfransında çıxışından sonra xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərin sualının cavabında bildirib. O Azərbaycanın mövqeyinin dəyişmədiyini bir daha diqqətə çatdırıb. "Azərbaycanın mövqeyi dəyişməyib, bu birmənalıdır. Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır". Nazirin fikrincə, Azərbaycanın bu mövqeyi beynəlxalq dəstək alıb. "Bu mövqe hər tərəfdən dəstək alıb. NATO-nun son bəyanatında da yer alıb. NATO üzvləri Azərbaycanın, Gürcüstanın, Moldovanın və Ermənistanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyib. Bu ölkələrdəki münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinin bu prinsiplərə aid olduğunu təsdiq edib". O Praqa prosesi çərçivəsində də münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli prinsipinin əksini tapdığını bildirib ."Praqa prosesində öz müqəddəratını təyin etmə prinsipi də var. Ancaq Kosovanın müstəqilliyi tanındıqdan sonra ikili standartlar məsələsi ciddi şübhə altına alınıb. Cünki BMT TŞ-nin qətnamələrinə baxmayaraq Kosovonın müstəqilliyi tanındı. Çox vacibdir ki, bütün beynəlxalq təşkilatlar və hamı başa düşsün ki, Azərbaycan münaqişənin yalnız və yalnız ərazi bütövlüyü prinsipi əsasında həllini istəyir". Nazirin fikrincə, danışıqların davam etdirilməsi üçün Minsk Qrupunun həmsədrləri təklif irəli sürməlidir. "Güman ki, ilk öncə xarici işlər nazirləri səviyyəsində görüş keçirilməlidir. İlk öncə tanışlıq olmalıdır. Mən öz tərəfimdən Ermənistanın xarici işlər naziri ilə görüş keçirməyə etiraz etmirəm. Görüşün nə vaxt olacağı ilə bağlı həmsədrlər təklif verməlıdir. Əgər nazirlərin görüşündə razılıq əldə edilərsə, prezidentlər səviyyəsində də görüş ola bilər". O danışıqların yenidən başlanması ilə bağlı suala "buna inanmıram" cavabını verib. "Çünki Praqa Prosesi çərçivəsində bir çox məsələləri müzakirə edib razılaşdırmışıq. Bu prosesi davam etdirməliyik. Bizə vacibdir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması prinsipini qəbul etsin. Bunu beynəlxalq ictimaiyyət qəbul edib, Ermənistan da qəbul etməlidir. Biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın muxtariyyət məsələsini müzakirə edə bilərik. Bunun üçün çoxsaylı təcrübə var. Məsələn tatarlat, başqırdlar Rusiya daxilində öz müqəddəratını həll edib. Tarixdən bir nümunə götürək, münaqişəni həll edək". E.Məmmədyarov münaqişənin gec-tez həll ediləcəyinə inanır. "Ermənistanda da bunu başa düşürlər. İstər-istəməz Ermənistan bir konstruktiv mövqe ilə çıxış etməlidir. Ermənistan nə qədər tez konstruktiv mövqeyə gəlsə, o qədər tez region, Ermənistan və ictimaiyyət üçün yaxşı olar". Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah görüşəcək. "Görüşdən sonra həmsədrlər Minsk Qrupunun üzvlərinə izahat verəcək. Onlar Ermənistandakı duruma qiymət də verəcək. Bundan sonra, Azərbaycan xarici işlər nazirliyi öz münasibətini bildirəcək".
XS
SM
MD
LG