Accessibility links

Dünyada BMT-nin 113 min sülhməramlısı fəaliyyətdədir


Mayın 29-da dünyada Beynəlxlaq BMT sülhməramlıları günü qeyd edilir. BMT baş katibi Ban Ki-munun sülhməramlıalar günü münasibəti ilə bağlı müraciətində sülməramlı qüvvələrin tərkibində qadınların az olduğu bildirilir.

Sənədə görə, beynəlxalq ictimaiyyətin BMT-nin sülhməramlılıq fəaliyyətinə inamı artmaqdadır. “Hərbi qulluqçular, vətəndaş və polis əməkdaşları da daxil olmaqla BMT sülhməramlıların sayı rekord həddə - ümumilikdə 113.000 nəfərə çatıb”.

Baş katib bildirir ki, BMT-nın bayrağı altında xidmət edən insanlar öz missiyasını yer üzündə daimi olaraq qeyri-sabitliyin, xəstəliklərin və zorakılığın hökm sürdüyü bəzi mürəkkəb və qonaqsevməz ərazilərdə icra edir. “Bu mərd kişi və qadınlar özlərini bu işə həsr etməklə və çoxlarının həyatına real dəyişikliklər gətirməklə, BMT-nin qayğıkeşliyi və sadiqliyini dünyaya nümayiş etdirir”.

Müraciətə görə, sülhməramlı səylərin göstərilməsi çox vaxt sülhməramlıların özləri üçün baha başa gəlir. “2008-ci ildə 132 nəfər sülhməramlılar vəzifə borcunu yerinə yetirərkən həlak olub. Zorakılıq, xəstəlik və ya bədbəxt hadisə nəticəsində həyatlarını itirmiş həmin şəxslərin hər biri zəruri miras qoyub gedib. Həlak olanların arasında on nəfər qadının olması bizə bir daha xatırladır ki, sülhməramlılıq fəaliyyətində qadın işçilər getdikcə daha çox əhəmiyyətli rol oynayır və hazırda onlar kişilərlə çiyin-çiyinə təhlükələrlə üzləşməkdədir”.

Baş katibin fikrincə, silahlı münaqişələr nəticəsində qadınların üzərinə xüsusi ağırlıq düşür və bu münaqişələrin qarşısının alınması və həllində qadınlar da müvafiq rol oynamalıdır. “Mavi dəbilqəli qadınlar, insan hüquqları üzrə monitorinq aparan məsləhətçilər və digər missiya üzvləri daim inkişafda olan sülhməramlılıq sahəsində yeni bacarıqların və yeni iş metodunun yaradılmasını təklif edir. Çox hallarda onlar yerli qadınlarla daha yaxşı ünsiyyət qura bilir və daha çox təhlükəsizlik hissi yaratmaq iqtidarında olur, bu isə, qadına səlahiyyət verilməsi baxımından əsl nümunədir”.

Sənəddə eyni zamanda sülhməramlı qadınların sayının hələ də çox az olduğu etiraf edilir. “Hərbi qulluqçular və polis əməkdaşları arasında qadınların sayının artması ilə yanaşı, üzv ölkələrinin BMT-yə daha da çox qadın işçiləri həvalə etməsi vacibdir”.

XS
SM
MD
LG