Accessibility links

Azərbaycanın daha bir müxalif qəzetinin baş redaktoru məhkəmə qarşısında


Azərbaycanda daha bir aparıcı müxalifət qəzetinin baş redaktoru məhkəmə qarşısındadır. Belə ki, «Azərsun Holdinq» şirkətinin prezidenti Əbdülbari Gözəl xüsusi ittiham qaydasında «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı Cinayət Məcəlləsinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsi ilə cinayət işinin başlanmasını tələb edir.

Bu gün Bakının Nizami rayon məhkəməsində iddia üzrə hakim Hüseyn Hüseynovun sədrliyi ilə hazırlıq iclası başlayıb. İddiaçının təmsilçisi Yaşar Tahirov bildirib ki, cənab Arifoğlu bu il martın 29-da Türkiyənin «Kanal Türk» televiziyasındakı çıxışında Əbdülbari Gözələ böhtan atıb.

Baş redaktor ona qarşı iddianı siyasi adlandırıb və «Kanal Türk» televiziyasının PKK terror təşukilatı ilə bağlı araşdırma apardığını deyib. Cənab Arifoğlu həbsə atılacağına da inanır. Baş redaktor fikrinə dəstək kimi məhkəmənin qarşı tərəfin hər hansı sübutu olmadan işi icraata qəbul etməsini göstərib.

Vəkil Osman Kazımov son zamanlar Azərbaycanda aparıcı müxalif fikirli mətbuat nümayəndələrinə cəzalar verildiyini önə çəkib. Onun sözlərinə görə, cənab Arifoğlunun məhkəməyə çəkilməsi də bu siyasətin bir həlqəsidir.

Məhkəmədə iştirak edən deputat Pənah Hüseyn də jurnalistin məhkəməyə çəkilməsini təsadüf hesab etmir. Onun fikrincə, verilişə görə məsuliyyət daşıyan televiziyaya deyil, cənab Arifoğluna qarşı iddia irəli sürülməsi bir daha buna təsdiqdir.

XS
SM
MD
LG