Accessibility links

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub


NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyev, müdaifə naziri Səfər Əbiyev, Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, NATO ölkələrinin səfirləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, nazir Səfər Əbiyev NATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının birinci mərhələsinin uğurla yerinə yetirildiyini bildirib. «Planın ikinci mərhələsi NATO ilə daha geniş əməkdaşlığı nəzərdə tutur. Azərbaycan Silahlı Qüvvələrində keçirilən islahatlar, o cümlədən hərbi təhsil sisteminin, ştat strukturlarının, təlim və treninqlərin bütövlükdə NATO standartlarına uyğunlaşdırılması başa çatıb. Müasir tələblərə cavab verən simulyasiya mərkəzi və poliqonların yaradılıb». Müdafiə naziri ölkənin hərbi doktrinasının hazırlanması istiqamətində intensiv iş aparıldığını deyib. "Sənəd artıq tam hazırdır və qəbul olunmaq üçün müvafiq orqana təqdim olunub. Layihədə NATO ilə əlaqələrin perspektivləri daha geniş spektri əhatə edir". Cənab Simmons isə Fərdi Tərəfdaşlıq Planının birinci mərhələsinin uğurla başa çatdığını və Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdiyini vurğulayıb. "NATO-Azərbaycan əlaqələri yüksələn xəttlə inkişaf edir", - deyə o qeyd edib. Səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında isə 2008-2009-cu illərdə Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq Planının ikinci mərhələsi çərçivəsində aparılmalı olan islahatlardan danışıb.«Bu islahatlara Azərbaycanın beynəlxalq əməliyyatlarda iştirak edən qoşun növlərinin standartlara uyğunlaşdırılması, Müdafiə Nazirliyi daxilində struktur dəyişiklikləri, aşağı zabit heyəti üçün təlimlərin keçirilməsi və kommunikasiya vasitələrinin müasirləşdirilməsi daxildir». O Azərbaycanın Rusiyanın Ermənistanda ikinci hərbi baza açmaq məsələsini qaldırdığın bildirib. «Avropada adi silahların yerləşdirilməsi» Sazişinə əməl olknmalıdır. NATO bunu gözləyir»-deyə xüsusi nümayəndə məsələyə NATO-nun mövqeyini ifadə edib. Cənab Simmons bildirib ki, nə NATO, nə də Bakı Azərbaycanın üzvlüyü məsələsini prinsipial olaraq qaldırmayıb: «Əməkdaşlığımız NATO-ya üzvlüyə yönəlməyib. Əgər gələcəkdə belə bir müraciət olsa, indiki əməkdaşlığımız yaxşı zəmin yaradar»-deyə o qeyd edib.
XS
SM
MD
LG