Accessibility links

Bakıda təhlükəsizlik sektorunun demokratik idarə olunmasına həsr olunmuş Starlink təlimləri keçirilir 


Bakıda Niderlandın Avropa Təhlükəsizlik Araşdırma Mərkəzi (ATAM) və Azərbaycan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM) "Təhlükəsizlik sektorunun demokratik idarə olunmasına həsr olunmuş Starlink təlimləri" Proqramına başlayıb. MBAM-ın prezidenti Leyla Əliyeva layihənin üç mərhələdə həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, proqram birinci mərhələdə müdafiə, ikinci mərhələdə daxili işlər orqanlarını və üçüncü mərhələdə təhlükəsizlik icmasını əhatə edəcək. "Demokratik cəmiyyətlərdə təhlükəsizlik icmasına rəsmi şəxsər, deputatlar və vətəndaş cəmiyyətinin nümayəndələri daxildir". ATAM-ın icraçı direktoru Sami Faltas bildirib ki, demokratik cəmiyyətlərdə təhlükəsizlik orqanlarına və hərbi qüvvələrə vətəndaş nəzarəti vacibdir. "Hansı ölkədə hərbiyə vətəndaş nəzarəti yoxdursa, həmin ölkələrdə demokratiya yoxdur". Onun sözlərinə görə, bəzi hallarda hazırda demokratiya qurulmuş ölkələrdə belə hərbiçilər siyasəti idarə edib. "Bu təhlükələr hələ də qalır. Portuqaliyanı, İspaniyanı, Yunanıstanı, Türkiyəni bəzi vaxtlarda hərbçilər idarə edib. Demokratik cəmiyyətlərdə də belə cəhdlər olub və hərbçilər həbs olunub. Türkiyədə də problemlər var. Ölkədə demokratiya var, ancaq demokratiyanı hərbiçilər mühafizə edir". S.Faltas bildirib ki, fiziki gücdən istifadə dövlətin monopoliyasındadır. "Hərbiçilər birmənalı bilməlidir ki, fiziki gücdən istifadə ilə bağlı son qərarı siyasətçilər qəbul edir. Siyasətçilər isə bilməlidir ki, hərbiçilərin məsləhətlərinə qulaq asmaq vacibdir. Deməli həm monopoliya olmalıdır, həm də sui-istiafdə və zorakılığa yol verilməməlidir. Şəffaflıq və cavabdehlik prinsipinə əməl edilməlidir. Məsələn, Böyük Britaniyanın baş naziri qoşunların Əfqanıstana göndərilməsinə qərar verdikdən sonra müdafiə naziri ondan hərbiçilərin beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməyəcəyinə zəmanət tələb edib". İcraçı direktorun sözdərinə görə, təlimlərdə məcazi səhnəciklər yaradılacaq və bu yolla müdafiə və planlaşdırma, bunun hökumət və parlamentdə izah edilməsi, maliyyə mənbələri və xərclər, müdafiə işçilərinin fundamental hüquq və vəzifələri, müdafiə məsələsində parlamentin rolu müzakirə olunacaq. "Təlimlər sex şəraitində keçiriləcək və insanlar bir-biri ilə mübahisə edə biləcək". Milli Məclisin sədr müavini Ziyayət Əsgərov demokratik cəmiyyətdə silahlı qüvvələrin rolu və Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş cəmiyyətinin nəzarəti ilə bağlı məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisi işğal olunmasına, ordunun böyük hissəsinin cəbhə bölgəsində olmasına baxmayaraq, Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu davam etdirir. Onun sözlərinə görə, Silahlı Qüvvələrdə NATO standartlarına uyğun islahatlar davam etdirilir. "Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq", "Fərdi Tərəfdaşlıq və Əməliyyat Planı", "Planlaşdırma və Analiz" prosesi çərçivəsində NATO ilə fəal əməkdaşlıq siyasətini həyata keçirir. NATO Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsində islahatların həyata keçirilməsi işinə yaxından kömək edir. Ölkənin müharibə vəziyyətində olmasına və ordunun şəxsi heyətinin böyük əksəriyyətinin təmas xəttində, cəbhə bölgəsində yerləşməsinə baxmayaraq Azərbacanın Silahlı Qüvvələrinin müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar həyata keçirilir". Sədr müavininin sözlərinə görə, bu il fevralın 12-də XİN də "Hərbi Tərəfdaşlıq və Əməliyyat Planı", eyni zamanda "Planlaşdırma və Analiz prosesi" üzrə NATO ekspert qrupunun iştirakı ilə Azərbaycanın üzərinə götürdüyü tərəfdaşlıq məqsədlərinin və vəzifələrinin həyata keçirilməsinin qiymətləndiriməsi aparılıb. "Hesab edirəm ki, qiymətləndirmə prosesi çox məhsuldar olub. O hazırda Silahlı Qüvvələrdə islahatların əsasən NATO-nun "Fərdi Tərəfdaşlıq və Əməliyyat" Planına uyğun olaraq aşağıdakı istiqamətlərdə həyata keçirildiyini deyib: - Təlim-tədris sisteminin NATO standartlarına uyğunlaşdırılması; - "Milli Təhlükəsizlik" Konsepsiyasının və Hərbi Doktirinanın hazırlanması; - Silahlı Qüvvələrin tədricən NATO standartlarına uyğunlaşdırılması və mobil hərbi hissənin yaradılması; - Şəffaf planlaşdırma və büdcə sisteminin yaradılması; - Bir hərbi aerodromun modernləşdirilməsi; - Hərbi dəniz qüvvələrində döyüş gəmilərinin modernləşdirilməsi; - "Sülh Naminə Tərəfdaşlıq" Təlim mərkəzinin təkmilləşdirilməsi. Niderlandın keçmiş müdafiə naziri Vim van Eekelen Avropada hərbiçilərin rolunun dəyişdiyini bildirib. "Bizim əsgərlər insanları mühafizə edir. Müdafiə məsələləri daha çox siyasi xarakter daşıyır". Onun sözlərinə görə, Azərbaycanda hələ daha çox keçmiş vektor var. "Hərbiçilərin qarşısında ərazi bütövlüyünün müdafiəsi durur. Bu artıq siyasətçilərin işi deyil. Burada hərbçilərin rolu güclənir və məxfilik anlayışı qabarır".
XS
SM
MD
LG