Accessibility links

NATO Parlament Assambleyası "Mərkəzi Asiyada regional kontekstdə təhlükəsizlik" məsələsini müzakirə edir 


NATO Parlament Assambleyasının Rose-Roth seminarı işini davam etdirir. Bu gün "Qərbin Mərkəzi Asiya ilə münasibətləri və Mərkəzi Asiyada regional kontekstdə təhlükəsizlik" məsələləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Qazaxıstanın müdafiə nazirinin müavini Bulat Semnibovun, Qırğızıstan, Tacikistan, Özbəkistann və Rusiyadan olan mütəxəssislərin məruzələri dinlənilib, geniş və açıq diskusiyalar aparılıb. NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, NATO-ya yeni üzvlərin qoşulması Cənubi Qafqaz və Orta Asiya ölkələri ilə əməkdaşlığı vacib edib. Onun sözlərinə görə, əməkdaşlıq müxtəlif fəaliyyət növlərini əlaqələndirməyi və siyasi dialoqu genişləndirməyi əhatə edir. "Cənubi Qafqaz və Orta Asiya ölkələrində təcrübənin artırılması, daha təkmil müdafiə sisteminin yaradılması, müdafiə sisteminin planlaşdırılması, müdafiə büdcəsinin formalaşdırılması, hərbi təhsil və təlimin yeni standartlara uyğunlaşdırılmasına kömək edirik". Onun sözlərinə görə, NATO Orta Asiyada əməkdaşlığı genişləndirməkdədir. "Bizim əməkdaşlığımız ümumi mənada təhlükəsizlik aparatına siyasi nəzarət, müdafiə sənayesi, elm, informasiya sahəsini əhatə edir". R.Simmons Azərbaycanın və Qazaxıstanın NATO ilə əməkdaşlığını müvəffəqiyyətli qiymətləndirib. "Azərbaycan fərdi tərəfdaşlığın ikinci mərhələsinə başlayacaq". Xüsusi nümayəndə problemlərin həlli üçün siyasi dialoqu vacib sayır. Onun fikrincə, NATO ilə region arasındakı əməkdaşlıqda çətinliklər və narahatlıqlar da mövcuddur. "Çətinliklərin başında Əfqanıstan durur. 3 ölkə ilə birbaşa, 2 ölkə ilə isə bilavasitə qonşudur. NATO-nun missiyası imkan verir ki, tərəfdaşlarımız Əfqanıstanla işləyərək, terrorizmin yayılmasının qarşısının alınmasına kömək etsin". O, NATO-nun Orta Asiya ölkələri ilə Əfqanıstan arasında Brüsseldə dialoq təşkil etdiyini bildirib. "Artıq bu ölkələrin sərhəd xidmətlərinin əməkdaşlığının şahidiyik". R.Simmonsa görə, Əfqanıstandan gətirilən narkotiklər ciddi təhlükədir və bu artır. "Əsas məqsəd bacarıqların artırılmasıdır ki, narkotiklərin yayılmasının qarşısı alınsın". Nümayəndə NATO-nun həmçinin regionda ekoloji vəziyyətin yaxşılaşdırılması, Sovet dövründən qalan hərbi bazaların partlamamış sursatlardan təmizlənməsi, sərhədlərdəki minaların zərərsizləşdirilməsi ilə bağlı da işlər görür. "NATO həlledici enerji obyektlərinin qorunmasında da kömək edə bilər". R.Simmons Mərkəzi Asiya ölkələrinin hər birinin NATO ilə əməkdaşlıq etdiyini deyib. "Qazaxıstanla "Fərdi Tərəfdaşlıq Planı" çərçivəsində, elm sahəsində əməkdaşlıq edirik. Qarşılıqlı əməkdaşlığı artırmaq üçün orada təlim mərkəzi yaratdıq və bu, region ölkələri üçün mərkəz ola bilər. Özbəkistan dialoqda iştirak edir. Bu ölkə yardımların Əfqanıstana ötürülməsinə kömək edir. Əfqanıstan "Fərdi Tərəfdaşlıq Proqramı"na başlaya bilər. Tacikistanda birgə əməliyyatlar keçirmək istəyirik. Bu ölkədən uranın kənara, xüsusilə Əfqanıstana sızdırılmasının qarşısının alınmasında əməkdaşlıq edirik. NATO artıq Türkmənistanla da əməkdaşlıq edir. İki dəfə Aşxabadda səfərdə olmuşam. Bu ölkənin bloklara qoşulmamaq təşəbbüsünə hörmətlə yanaşırıq. Türkmənistanda fövqəladə hallarda işlərin əlaqələndirilməsi ilə bağlı əməkdaşlıq edə bilərik". O, NATO-nun regiondakı əməkdaşlığının digər təşkilatlara qarşı yönəlmədiyini deyib. "Region ölkələri MDB təşkilatlarının, Şanxay təşkilatının da üzvləridir. Biz hər-hansı təşkilatı rəqib görmürük, inteqrasiyanın tərəfdarıyıq", - deyə o qeyd edib. Xüsusi nünayəndə Azərbaycanın NATO-ya üzvlüyə müraciət etməsinə mane olan amillərlə bağlı sualın cavabında NATO-nun qapılarının açıq olduğunu bildirib və NATO-nun Rusiya ilə də əməkdaşlığından danışıb. "Biz bir-birimizi rəqib kimi görməməliyik və görmürük. NATO-nun Rusiya ilə də yaxşı əməkdaşlığı var. Bu, NATO-Rusiya Şurasıdır. Biz istəyirik ki, dialoq olsun. Rusiya ilə aramızda problemlər də var. Bu, raket hücumundan müdafiə və Kosovo məsələsidir. Cənubi Qafqaz və Orta Asiya ölkələri ilə NATO-nun münasibətləri Rusiya ilə rəqabət xarakteri daşımır". O həmçinin NATO-nun əməkdaşlığının Çinə qarşı yönəlmədiyini deyib. "Biz Çinlə də yaxşı əməkdaşlıq edirik. NATO heç bir ölkədən başqasına qarşı istifadə etmir. Hərbi qüvvələrimiz heç bir ölkəyə qarşı deyil, qlobal çağırışlara qarşı yönəlib". Simmons NATO-nun Mərkəzi Asiya ölkələrində olan bazalarının daha çox tranzit üçün qurulduğunu bildirib. "Bu bazalardan tranzut kimi istifadə edirik. Tacikistanda Fransanın və Qırğızıstanda, Özbəkistanda NATO-nun bazaları var. Özbəkistanla münasibətlərimiz yaxşılaşır. Amma hələlik baza qurmaq icazəmiz yoxdur, dəmir yolundan istifadə edirik". Rusiya nümayəndəsi NATO və ABŞ regionda rəngli inqilablarla mövqelərini möhkəmləndirməyə çalışdığını, Özbəkistan və Qırğızıstanda məğlubiyyətə düçar olduğunu bildirib. Onun sözlərinə görə, İraqda ABŞ istehsalı olan milyonlarla mina var və ABŞ ordusu İraqı tərk etməlidir. Qazaxıstan müdafiə nazirinin müavini Bulat Sembinov isə Rusiyalı deputatı təkzib edib. "Bizim sülməramlıların İraqda zərərsizləşdirdiyi minalar arasında ABŞ istehsalı olan mina yoxdur". Əfqanıstandan olan nümayəndə Xalid Puştun ölkəsinin MDB-dən, xüsusilə Çeçenistan, Tacikistan və Özbəkistandan olan disidentlərdən əziyyət çəkdiyini deyib. "Minlərlə disident qanunsuz silahlı dəstəlır yaradaraq, həm Əfqanıstan Silahlı Qüvvələrinə, həm də NATO qüvvələrinə qarşı döyüşür". Tacikistandan olan məruzəçi Nigina Sattarova regionda enerji iqtisadiyyatının inkişafının geniş miqyaslı münaqişələrə yol açacağı risklərindən danışıb. "Burada böyük problem su hövzələrinin bölünməsi, qlobal maraqların etnik münasibətlərdə özünü büruzə verməsidir". Onun fikrincə, böyük maraqların toqquşması geniş miqyaslı münaqişələrə yol aça bilər. "ABŞ, Rusiya, Çin, Hindistan, Türkiyə və İran tarixən regionda maraqları toqquşan dövlətlərdir. Orta Asiyada bu qlobal rəqabət sabitlik balansına təsir edir. Problemlərin həllinin alternativ yolları kanarda qalır. Xəzər regionu dramının mərkəzində isə etnik münaqişələr daha çox önəm daşıyır. Ehtiyac var ki, ABŞ, Rusiya və Çin regionda stabitliyin bərpası ilə bağlı yeni model işləsin". Qırğızıstandan olan natiq İris Beybutova bölgənin demokratiyaya daha çox ehtiyacı olduğunu deyib. "Mərkəzi Asiyada vətəndaş cəmiyyətinin durumu ağırdır. Biz iş görmək istəyəndə inqilab etmək kimi başa düşülür".
XS
SM
MD
LG