Accessibility links

Azərbaycanın iki hərbi bölməsi NATO standartlarına uyğun modernizə ediləcək


«Azərbaycanın iki hərbi bölməsi NATO standartlarına uyğun modernizə ediləcək». NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bu barədə bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu bölmələr NATO ölkələri hərbi strukturları ilə uyğunluğun təmin edilməsi üçün hazırlanacaq. «Bölmələrdən biri çevik hərbi birləşmə çərçivəsində məsələləri yerinə yetirəcək. İkincisi isə sülməramlı əməliyyatlarda iştirak edəcək. Bundan əlavə, hərbçiləri və yükləri Əfqanıstana daşımaq üçün ölkənin hərbi aerodromlarından biri NATO standartlarına uyğun modernizə ediləcək. Bu aerodromun satutsu həmin hərbi obyektin modnernizə olunmasına kömək göstərən NATO üzvü olan ölkə ilə ikitərəfli səviyyədə həllini tapacaq». Cənab Simons bildirib ki, NATO həmçinin Azərbaycanda melanj raket yanacağının 2008-ci ildə tam məhv edilməsi üçün proqramını davam etdirəcək. Xüsusi nümayəndənin dediyinə görə, hazırki səfəri Fərdi Tərəfdaşlıq Planının birinci mərhələsinin başa çatması ilə bağlıdır. «Biz ümumi dəyərlər, müdafiə sahəsində islahatlar, fövqəladə və vətəndaş planlaşdırılması, ictimai diplomatiya kimi 4 istiqaməti əhatə edən proqramın reallaşdırılmasından razıyıq. Yaxın zamanlarda Brüsseldə birinci mərhələnin nəticələri müzakirə olunacaq və yeni ikiillik proqramın qəbul olunacaq». O suallara cavabda NATO-nun "açıq qapı" siyasəti apardığını, Avropa və Qafqaz ölkələrindən heç birinə bu təşkilata üzv olmaları üçün məhdudiyyətlər qoyulmadığını bildirib.«Ukrayna və Gürcüstan Alyansa daxil olmaq istəklərini artıq bildirib. Lakin bu "fərdi dinamika" ilə gedəcək uzun prosesdir. Azərbaycana isə hələlik NATO-ya üzv olmaq arzusunu bildirməyib və fərdi tərəfdaşlıqla kifayətlənir». Cənab Simmons Moskvanın Gürcüstan və Ukraynanın NATO-ya can atmasına mənfi yanaşması ilə bağlı suala cavabda deyib ki, heç bir dövlətin digər ölkələrin NATO-ya üzv qəbul edilməsinə veto qoymaq hüququ yoxdur. «Rusiya qabaqlar da NATO-nun genişlənməsindən narazı olub və Alyans Moskva ilə uzun sürən müzakirələr aparıb. NATO bu cür müzakirələrə bu gün də hazırdır». O NATO-nun İrana münasibətdə hərbi planının olmadığını deyib. «İranın nüvə silahına malik olmaq cəhdi NATO-nu narahat edir. BMT TŞ İrana qarşı hansı sankisyanın tətbiqi barədə qərar qəbul etsə, NATO ölkələri də həmin qərara qoşulacaq».
XS
SM
MD
LG