Accessibility links

Azərbaycanda tikinti sahəsində əmək şəraiti çox ağırdır


Hazırda Bakıda 96, Sumqayıtda isə 14 tikinti şirkətində Dövlət Əmək Müfəttişliyi araşdırma aparır. Araşdırmaların nəticələri çox acınacaqlıdır. Məlum olub ki, əksər tikinti şirkətlərində əmək qanunvericiliyi pozulur, işçilərin əksəriyyəti ilə əmək müqaviləsi bağlanmır. Böyük bir tikinti şirkəti orta hesabla 20-50 arasında işçi ilə əmək müqaviləsi bağlayır, işçiyə isə cəmi 50-70 manat aylıq əmək haqqı verir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü «Amerikanın səsi» radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, əmək müfəttişliyi bundan sonra ölkənin digər şəhər və qəsəbələrində də araşdırmalara başlayacaq. "Ölkədə yüzdən çox tikinti şirkəti var, bu şirkətlər 800-dən çox obyektdə tikinti aparır". N.Şükürlü bildirib ki, 2006-cı ildə istehsalatada baş vermiş bədbəxt hadisələr nəticəsində 81 nəfər ölüb və bunların 31 nəfəri tikinti şirkətlərinin işçiləriidir. "2007-ci ilin doqquz ayı ərzində istehsalatda bədbəxt hadisə nəticəsində ölən 99 nəfərin 51-i tikintinin payına düşür. Həlak olanların əksəriyyəti hündür mərtəbəli binalardan yıxılıb. Tikinti şirkətləri çox halda işçilərini təhlükəsizlik kəmərləri ilə təmin etmir, əməyin təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri aparmır". Baş dövlət müfəttişi ən ağınacaqlı vəziyyətin daş karxanalarında qeydə alındığını deyib. "Burada əmək qanunvericiliyinə ümumiyyətlə əməl edilmir. İşçilərin əmək müqaviləsi haqqında belə təsəvvürü yoxdur, işçilər iş vaxtından artıq işlədilir, dincəlmək üçün şərait yoxdur, tozdan qoruyuculardan istifadə edilmir". N.Şükürlü ciddi nöqsanlı müəssisələrin bağlanacağını bildirib. "Əmək müfəttişliyi artıq "Yüksəl İnşaat"ı, "Star-M" Məhdud Məsuliyyətli Cəmiyyəti, "NES" MMS-i, "Kapitoli" firmasını, "Dizayn" MTK-nı, "İnam Bayram" MMC-nin işini dayandırıb. Həmin müəssisələr yalnız normal əmək şəraitini bərpa etdikdən sonra fəaliyyətə başlaya bilər". Baş dövlət müfəttişi əmək şəraitinin pozulması ilə bağlı cərimələrin çox az olduğunu deyib. "Təsəvvür edin ki, mənzilin bir kvadrat metrini bir neçə yüz manata satan şirkəti əmək qanunvericiliyini pozduğuna görə yüz manatadək cərimələmək mümkündür. Bunun isə təsiri çox az olur". N.Şükürlü ölkədə uşaq əməyinin istismarı hallarının olduğunu da deyib. Onun sözlərinə görə, araşdırmalar nəticəsində tikintidə işləyən 400-dən çox insanın əmək haqqı 200-300 manatadək yüksəlib, 1500 əmək müqaviləsi leqallaşdırılıb.
XS
SM
MD
LG