Accessibility links

Xəzər neft-qaz sərgisində 32 ölkədən 360 şirkət iştirak edir  


Bakıda 14-cü Beynəlxalq «Xəzər Neft, Qaz, Neftayırma və Neftkimya» sərgi-konfransı açılıb. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, baş nazir, Milli Məclisin sədri, nazirlər, deputatlar, dünyanın 30 ölkəsindən sənaye, energetika, ekologiya, təbii resurslar nazirliklərinin rəhbərləri, çoxsaylı şirkətlərin nümayəndələri iştirak edib. Sərgidə dünyanın 32 ölkəsindən 360 şirkətin məhsulları nümayiş etdirilir. Bu il Azərbaycan şirkətləri sərginin ümumi sahəsinin 25 faizini təşkil edir. Prezident İlham Əliyev bildirib ki, sərgiyə ildən-ilə maraq çoxalır. Dövlət başçısının sözlərinə görə, ölkədə investorlar üçün çox yaxşı şərait yaradılıb və son 13 ildə hər hansı şirkətlə məhkəmə çəkişməsi qeydə alınmayıb. Bu isə o deməkdir ki, həm Azərbaycan hökuməti, həm də şirkətlər üzərinə düşən öhdəlikləri yerinə yetirib. Cənab Əliyev son bir ildə Azərbaycanda dünya əhəmiyyətli iki əlamətdar hadisənin olduğunu bildirib. Bunlar Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatıdır. Dövlət başçısı bildirib ki, Azərbaycan artıq qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib. Onun sözlərinə görə, gələn il Azərbaycan Dövlət Neft Şirkəti təxminən 8 milyard kubmetr qaz hasil edəcək və “Şahdəniz” yatağından da 8 milyard kubmetrdən çox qaz gözlənilir, beləliklə, Azərbaycan həm özünün tələbatını ödəyəcək, həm də qaz ixrac edən etibarlı ölkəyə çevriləcək. Cənab Əliyev deyib ki, neft və qaz ehtiyatlarının həcmi də artmaqdadır və əhalinin yüz il tələbatını ödəyəcək qaz ehtiyatı var. Prezident ölkənin yaxın 20 ildə 200 milyard dollaradək valyuta ehtiyatlarının olacağını deyib. Sərgiyə Böyük Britaniyanın baş naziri Toni Bleer təbrik məktubu göndərib. Onun təbrikində deyilir ki, Bakı-Tbilisi-.Ceyhan boru kəmərinin tamamlanması və 2006-cı ilin dekabrında Şahdəniz layihəsi Azərbaycanda enerji istehsalının yeni dövrünün başlanmasını müəyyən edib. «Azərbaycanın neft sərvətinin tam potensialı indi həyata keçirilməyə başlayıb. Britaniya şirkəti BP-nin bu məsələdə aparıcı rol oynamasından fəxr edirəm. Bu cür məsulliyyətli dəyişikliklər qlobal enerji təhlükəsizliyinin dəstəklənməsində önəmli rol oynayır və bu dəyişikliklərdən əldə edilən gəlir, əgər ondan müdrikcəsinə və şəffaf şəkildə istifadə edilərsə, Azərbayjan xalqının firəvan və davamlı gələcəyinin təmin edilməsinə yardım edəcək». ABŞ Ticarət nazirinin müavini Devid Sampson isə bildirib ki, Azərbaycan ABŞ-ın əsas tərəfdaşlarından biridir. «Azərbaycan həm də iqtisdai və kommersiya baxımından Amerikaya yaxın ölkədir. ABŞ hesab edir ki, Azərbaycan Avropanın qaz təchizatında mühüm ölkəyə çevriləcək. Bunun üçün dənizin dibi ilə kəmər çəkmək lazımdır. BTC kəməri ilə digər ölkələrin də nefti daşınacaq»-deyə o qeyd edib.
XS
SM
MD
LG